“Umid Babek Operation Company” (UBOC) əməliyyat şirkəti ilə “Caspian Oilfield Service”(COS) arasında “Neptun” özüqalxan qazma qurğusunun Xəzər dənizinin Azərbaycan sektorundakı “Ümid” qaz-kondensat yatağında fəaliyyətinin 2027-ci ilin sonunadək davam etdirilməsinə dair sənəd imzalanıb.
Bu barədə UBOC-un məlumatında bildirilir.
Məlumata əsasən, hazırda “Neptun” qurğusu yatağın cənub qanadında mühüm qazma əməliyyatlarını icra edir. Qurğu Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə “Ümid” yatağının tarixində ən dərin quyu hesab olunan, 7 000 metrdən artıq dərinliyə malik sualtı qiymətləndirmə quyusunun qazılmasını davam etdirir.
Xatırladaq ki, Neptun” özüqalxan üzən qazma qurğusu Azərbaycana qazma işləri üçün 2025-ci ilin iyununda gətirilib.
Bu, Xəzər regionunda ilk dəfə özüqalxan qurğu ilə həyata keçirilən sualtı qazma əməliyyatıdır.
“Bu layihə çərçivəsində qazanılan təcrübə dəniz qaz hasilatının sürətləndirilməsinə, mövcud ehtiyatların daha dərindən öyrənilməsinə, eləcə də UBOC-un qazma mühəndisliyi komandasının sualtı əməliyyatlar üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsinə əhəmiyyətli töhfə verir”, – məlumatda deyilir.
Şirkətdən bildirilib ki, “Ümid” yatağının inkişafının növbəti mərhələsinə keçid fonunda COS ilə əməkdaşlıq əldə olunan nəticələrin əsas dayaqlarından biri olaraq qalır.
Daha əvvəl “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin hesabatına istinadən verilən məlumata görə, “Ümid” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasilata 2027-ci ilə qədər başlanılması gözlənilir.
SOCAR-ın ilkin qiymətləndirmələrinə görə, “Ümid” yatağının Balaxanı VIII, Fasilə (B, C, D), Fasilə E, Qırməkiüstü və Qırməkialtı layları üzrə ehtiyatları 129 milyard kubmetr qaz və 20 milyon ton kondensatdan ibarətdir.
“Ümid” yatağının kəşfi 24 noyabr 2010-cu ilə təsadüf edir və Azərbaycanın müstəqillik dövründə SOCAR tərəfindən kəşf edilən ilk qaz-kondensat yatağı kimi tarixə düşüb. Yataq 2012-ci ildə istismara verilib.
“Ümid-Babək” blokunun kəşfiyyatı və işlənməsi üzrə Risk Service Contract (RSC) 2017-ci il yanvarın 12-də imzalanıb və həmin ilin mayında qüvvəyə minib. RSC çərçivəsində UBOC şirkətinin səhmdarları SOCAR (80 % iştirak payı) və “Nobel Upstream” (UK) şirkətləridir (20 %).





