Azərbaycanda mart üzrə illik inflyasiya açıqlandı

Azəraycanda mart üzrə illik inflyasiya 5.7%-də sabit qalıb.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu öncəki ayda 5.7% idi.

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, hazırda illik inflyasiya hədəf diapazonu olan 2%–6% daxilində qalır. AMB keçən iclasda bildiridi ki, mövcud inflyasiya əsasən xarici mənşəli xərc amillərinin təsiri ilə formalaşır. Qlobal bazarlarda dəyişkənliyin artması, xüsusilə enerji qiymətləri və logistika xərclərinin yüksəlməsi inflyasiya risklərini gücləndirən əsas faktorlar kimi göstərilir. Regiondakı geosiyasi gərginliklərin kəskinləşməsi isə idxal qiymətləri vasitəsilə daxili inflyasiyaya əlavə təzyiq yarada bilər.

Tənzimləyiciyə görə, idxal inflyasiyasının ötürülmə riski təkcə xarici qiymətlərdən deyil, həm də nominal effektiv məzənnənin dinamikasından asılı olacaq. Daxili risk faktorları arasında isə təklif və xərc yönlü amillər hələ də əsas rol oynayır.

AMB-nin baza ssenarisinə əsasən, 2026 və 2027-ci illərdə inflyasiyanın hədəf daxilində qalacağı gözlənilir. Əvvəlki proqnozlara görə, 2026-cı ildə illik inflyasiya 5.5%, 2027-ci ildə isə 4.0% səviyyəsində proqnozlaşdırılırdı. Daha əvvəl isə 2026 proqnozu 5.7% kimi göstərilmişdi ki, bu da son dəyişikliklər fonunda artım istiqamətində risklərin mövcudluğunu əks etdirir.

AMB 2 aprel iclasında faiz dəhlizinin parametrlərini dəyişməz saxlayıb: uçot dərəcəsi 6.5%, aşağı hədd 5.5%, yuxarı hədd isə 7.5% səviyyəsində qalır.

Son xəbərlər
Digər xəbərlər