İran limanları və sahil sularına çıxışla bağlı yeni məhdudiyyətlər tətbiq edilib.
Bu barədə Böyük Britaniyanın Dəniz Təhlükəsizliyi Agentliyini – UKMTO məlumat yayıb.
Məlumata görə, hazırda İran limanlarında olan neytral gəmilərə ərazini tərk etmələri üçün məhdud güzəşt müddəti verilib.
Bu məhdudiyyətlər İranın bütün sahil xəttini, o cümlədən limanları və enerji infrastrukturunu əhatə edir və limanlar, neft terminalları və sahil obyektləri ilə əlaqədə olan bütün gəmilərə şamil olunur.
UKMTO-dan bildirilib ki, boğazdan İranla əlaqəsi olmayan istiqamətlər üzrə tranzit keçidlərə hazırda maneə barədə məlumat yoxdur. Lakin gəmilər hərəkət zamanı hərbi müdaxilə, yönləndirilmiş rabitə və ya yoxlama prosedurları ilə qarşılaşa bilərlər.
Qeyd edək ki, ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib. Bu andan etibarən İran limanlarına gedən və ya limanlardan çıxan bütün gəmilər ABŞ-ın hərbi blokadası ilə üzləşəcək.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana məxsus olmayan limanlar arasında hərəkət edən gəmilərin Hörmüz boğazından keçməsinə icazə veriləcəyini bildirib.






