ABŞ administrasiyası hesab edir ki, İranda baş verən müharibə fonunda neft və digər enerji daşıyıcılarının qiymətləri artmağa davam edəcək və yaxın bir neçə həftə ərzində pik həddə çatacaq. Bu proqnozu “Semafor” nəşrinin konfransında ABŞ-nin energetika naziri Kris Rayt səsləndirib.
O bildirib ki, uzunmüddətli perspektivdə, silahlı münaqişə başa çatdıqdan sonra neft qiymətləri əvvəlki səviyyələrə enəcək. “Bəli, çox uzunmüddətli perspektivdə bu, şübhəsiz ki, qiymətlərin azalmasına gətirib çıxaracaq, lakin Hörmüz boğazı vasitəsilə əhəmiyyətli gəmiçilik trafiki bərpa olunana qədər enerji daşıyıcılarının yüksək, hətta artan qiymətlərini müşahidə edəcəyik. Bu, yəqin ki, neft qiymətlərinin pik həddə çatmasına səbəb olacaq. Bu isə, çox güman ki, yaxın bir neçə həftə ərzində baş verəcək”, — deyə nazir bildirib.
Eyni zamanda o, qiymətlərin müharibədən əvvəlki səviyyələrə nə vaxt enəcəyini dəqiq deyə bilməyib. “Münaqişə başa çatdıqdan və enerji daşıyıcıları yenidən [Hörmüz boğazı vasitəsilə] axmağa başladıqdan sonra qiymətlərin azalması tendensiyasını müşahidə edəcəksiniz. <…> Bu, müəyyən vaxt tələb edəcək: münaqişə nə qədər uzun davam etsə, bərpa prosesi də bir o qədər uzun olacaq”, — deyə Rayt yekunlaşdırıb.






