“Premium Bank” ASC 2026-cı ilin ilk rübündə aktivlərini illik müqayisədə 1.65% azaldaraq 666.49 mln. manata endirib. Halbuki, ilin əvvəlində bu rəqəm 677.67 mln. manat idi.
Banker.az xəbər verir ki, aktivlərin azalması əsasən likvid aktivlərdə müşahidə olunub. Belə ki, nağd vəsaitlər və ekvivalentləri 15% azalaraq 144.53 mln. manat təşkil edib, ticarət və investisiya qiymətli kağızları isə 69.3% geriləyərək 5.2 mln. manata düşüb.
Eyni zamanda müştərilərə verilmiş kreditlər 4.68% artaraq 501 mln. manat olub (ötən il 478.62 mln. manat). Artım əsasən biznes kreditləri seqmentində 363.96 mln. manat səviyyəsinə yüksəlmə ilə dəstəklənib, istehlak kreditləri 64.1 mln. manat, daşınmaz əmlak kreditləri isə 72.93 mln. manat təşkil edib.
Öhdəliklər 3.22% azalaraq 464.83 mln. manat olub. Bu azalma əsasən hüquqi şəxslərin depozitlərində 28.25% geriləmə ilə bağlıdır və 63.89 mln. manat səviyyəsinə düşüb. Bunun əksinə olaraq fiziki şəxslərin depozitləri 1.71% artaraq 310.22 mln. manata yüksəlib. Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər isə 1.98% azalaraq 71.56 mln. manat təşkil edib.
Kapital 2.16% artaraq 201.66 mln. manata yüksəlib.
Bankın xalis mənfəəti ilk yarımildə 3.68 mln. manat olub ki, bu da ötən illə müqayisədə təxminən 119% artımdır.
Qeyri-faiz gəlirləri 58.33% artaraq 4.75 mln. manat olub, əsasən komissiya gəlirlərinin 28.26% artımı və digər gəlirlərin kəskin yüksəlməsi hesabına. Qeyri-faiz xərcləri isə 18.23% artaraq 7.20 mln. manat təşkil edib.







