“Kapital Bank” kredit portfelini 5.5 mlrd. manata qaldırıb

“Kapital Bank” ASC-nin 2026-cı ilin ilk rübündə müştərilərə verilmiş kreditlərin həcmi 5.47 mlrd. manata çataraq ötən ilin eyni dövrü ilə müqayisədə 2.42% artıb.

Banker.az bunu bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Kredit portfelinin strukturunda əsas artım istehlak kreditlərindədir. Bu seqment üzrə kreditlər 3.16 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 4.96% artım deməkdir. Biznes kreditləri isə daha məhdud artım göstərərək 1,73 mlrd. manata yüksəlib və cəmi 0.45% artıb. Əksinə, daşınmaz əmlak kreditləri azalma nümayiş etdirib – bu portfel 579.93 mln. manata enərək illik müqayisədə 4.58% azalıb.

Bankın faiz gəlirləri də əhəmiyyətli dərəcədə artıb. Ümumi faiz gəlirləri 308.67 mln. manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18.67% çoxdur. Müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri isə daha sürətli artaraq 254.28 mln. manata çatıb və 23.5% yüksəlib.

Digər istiqamətlər üzrə faiz gəlirlərində fərqli dinamika müşahidə olunub. Banklar və maliyyə institutlarındakı depozitlər üzrə gəlirlər kəskin artaraq 346.04% yüksəlib, qiymətli kağızlar portfeli üzrə faiz gəlirləri isə 16.43% azalıb.

Son xəbərlər
Digər xəbərlər