Son dövrlərdə qızıl qiymətlərində müəyyən geriləmələr müşahidə edilsə də, qlobal əmtəə bazarında ona tələbin zəiflədiyini demək doğru olmaz.
Bunu “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini, “Qiymətli metallar və qiymətli daşlar” üzrə Texniki Komitənin sədri, iqtisadçı Rövşən Əmircanov bildirib.
Onun sözlərinə görə, qlobal maliyyə bazarlarında qeyri-müəyyənliyin davam etməsi qızıla marağı yenidən artırır: “Analitik qiymətləndirmələr qızıla marağın sabitləşdiyini və qiymətlərin əvvəlki enişdən sonra bərpa meyli nümayiş etdirdiyini göstərir. Bu isə investorların qızılı hələ də etibarlı maliyyə alətlərindən biri kimi qiymətləndirdiyini təsdiqləyir. Hazırda qızıl bazarında qiymət dinamikası bir neçə əsas amilin təsiri altında formalaşır. Geosiyasi risklər, inflyasiya ilə bağlı narahatlıqlar, mərkəzi bankların qızıl ehtiyatlarını artırması və bir sıra ölkələrin dollar asılılığını azaltmaq istiqamətində siyasəti qiymətli metala dəstək verən əsas faktorlar sırasındadır. Bununla yanaşı, ABŞ dollarının möhkəmlənməsi, faiz dərəcələrinin yüksək qalması ehtimalı və bəzi investorların mənfəət götürməyə üstünlük verməsi qızılın daha sürətli bahalaşmasını məhdudlaşdırır”.
R.Əmircanov əlavə edib ki, bu baxımdan qızılın dəyəri qoruma vasitəsi kimi rolu aktual olaraq qalır: “Lakin onun qiymət hərəkətini yalnız geosiyasi gərginliklərlə izah etmək mümkün deyil. Müasir bazar şəraitində qiymətli metal həm risklərdən qorunma aləti, həm də qlobal monetar siyasətə həssas maliyyə aktivi kimi çıxış edir. ABŞ-də faiz dərəcələrinin uzun müddət yüksək qalacağına dair gözləntilər gücləndikdə investorların bir hissəsi daha gəlirli maliyyə alətlərinə yönəlir. Əksinə, faizlərin azaldılması ehtimalı, dolların zəifləməsi və inflyasiya risklərinin artması qızıl üçün daha əlverişli mühit yaradır. Uzunmüddətli perspektivdə mərkəzi bankların alışları bazarda sabit tələb formalaşdırır, valyuta ehtiyatlarında dolların payını azaltmaq cəhdləri isə qızılın strateji əhəmiyyətini artırır. Bu proses qiymətli metalı yalnız zinət əşyası və ya investisiya aləti kimi deyil, həm də ehtiyatların qorunması baxımından mühüm vasitə kimi ön plana çıxarır”.
Sədr müavini qeyd edib ki, Asiya bazarlarında, xüsusilə Çin və Hindistanda qızıla marağın davam etməsi beynəlxalq qiymətlərin daha ciddi azalmasının qarşısını alan amillərdən biridir: “Bu ölkələrdə qızıl həm ənənəvi yığım vasitəsi, həm də maliyyə sabitliyi aləti kimi qəbul olunur. Buna görə də regionda tələbin qorunması qlobal bazar üçün əlavə dəstək yaradır”.
Azərbaycan bazarı üçün əsas gözləntilər
R.Əmircanov deyib ki, Azərbaycan bazarında qızılın qiymətinin formalaşmasında əsas amil dünya bazarında qızılın dollarla ifadə olunan unsiya qiymətidir: “Qlobal əmtəə bazarında bahalaşma baş verdikdə bu proses müəyyən müddətdən sonra Azərbaycanda da qızıl məmulatlarının və investisiya təyinatlı məhsulların qiymətinə təsir göstərir. Bununla yanaşı, yerli bazarda satış qiyməti yalnız beynəlxalq birja göstəriciləri əsasında müəyyən edilmir. Zinət əşyalarının hazırlanması, emal və dizayn xərcləri, idxal və logistika xərcləri, satıcı marjası, alqı-satqı fərqi, məhsulun əyarı və çəkisi yekun qiymətə birbaşa təsir edən amillərdir. Bu səbəbdən beynəlxalq bazarda açıqlanan qızıl qiyməti ilə mağazalarda satılan zinət əşyalarının qiyməti arasında fərqin olması normal bazar reallığı kimi qiymətləndirilməlidir”.
O hesab edir ki, daxili bazarda psixoloji amillərin təsiri də nəzərə alınmalıdır: “Qiymətlərin daha da artacağına dair gözləntilər vətəndaşların alış davranışını gücləndirə bilər. Xüsusilə inflyasiya, regional gərginlik və valyuta bazarlarında qeyri-müəyyənlik dövrlərində əhali qızılı daha etibarlı yığım vasitəsi kimi qəbul edir. Türkiyə təcrübəsi də göstərir ki, milli valyutaya inam zəiflədikdə və qiymət artımları sürətləndikdə vətəndaşların qızıla yönəlməsi artır. Bunun əsas səbəbi qızılın uzun müddət ərzində dəyərini qoruyan aktiv kimi qəbul edilməsidir. Hazırkı mərhələdə Azərbaycan bazarında kəskin və ani qiymət sıçrayışından daha çox, beynəlxalq bazardakı dəyişikliklərə uyğun mərhələli qiymət hərəkətləri gözlənilə bilər. Bu proses qlobal tələb göstəricilərindən, dolların mövqeyindən və aparıcı mərkəzi bankların faiz siyasətindən asılı olacaq”.
Onun sözlərinə görə, orta müddətli perspektivdə qızılın əvvəlki itkilərini mərhələli şəkildə bərpa etməsi mümkündür: “Mövcud qlobal risklər, mərkəzi bankların alış siyasəti və investorların qoruyucu aktivlərə marağı nəzərə alınarsa, qarşıdakı aylarda qızılın qiymətinin bir unsiya üzrə 5 550–5 600 ABŞ dolları səviyyəsinə yaxınlaşması ehtimalı istisna edilmir. Bu ssenarinin reallaşması üçün dolların zəifləməsi, faiz siyasətində yumşalma gözləntisinin güclənməsi, qızıl fondlarına investor axınının artması və geosiyasi risklərin davam etməsi vacib şərtlərdir”.
R.Əmircanov sonda vurğulayıb ki, nəticə etibarilə, qızıl bazarında əsas siqnal tələbin zəifləməsi deyil, daha ehtiyatlı və seçici formada bərpa olunmasıdır: “Bu isə qiymətli metalın uzunmüddətli investisiya və yığım aləti kimi əhəmiyyətini qoruduğunu göstərir. Azərbaycan bazarında qiymətlər əsasən beynəlxalq proseslərin təsiri ilə formalaşacaq, yerli bazar xərcləri isə yekun qiymət üzərində əlavə rol oynamaqda davam edəcək”.







