Honkonq birjasının indeksləri ardıcıl iki gündür azalır

Honkonq Fond Birjasında səhmlərin qiymətləri ardıcıl iki gündür aşağı düşür. Birjanın əsas indeksi olan “Hang Seng” səhər sessiyasının sonunda 292,87 bənd (1,12%) azalaraq 25 870,37 səviyyəsinə enib və 15 aprel tarixindən bəri ilk dəfə 26 min həddindən aşağı düşüb.

Digər indekslər də azalma nümayiş etdirir. Materik Çinin Honkonqda listinq olunan qiymətli kağızlarının ümumi göstəricisini əks etdirən “Hang Seng China Enterprises” indeksi 87,04 bənd (0,99%) azalaraq 8 714,74 səviyyəsinə enib. Faiz ifadəsində ən böyük eniş isə 30 ən iri texnologiya şirkətinin səhmlərini əks etdirən “Hang Seng Tech” indeksində qeydə alınıb. Bu indeks 2,31% (114,45 bənd) azalaraq 4 849,49 bənd səviyyəsinə düşüb.

Azalma İran Hərbi Dəniz Qüvvələrinin Panama və Liberiya bayrağı altında üzən iki gəmini saxlaması ilə bağlı xəbərlər fonunda baş verib. Məlumata görə, həmin gəmilər dəniz təhlükəsizliyinə təhdid yaradır və zəruri icazələrə malik olmayıb. Bundan əlavə, İran ətrafındakı vəziyyətin nizamlanması perspektivləri ilə bağlı qeyri-müəyyənlik də bazara mənfi təsir göstərməkdə davam edir.

ABŞ və İsrail 28 fevral tarixində İrana qarşı müharibəyə başlayıb. 7 aprel tarixində ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib. İran tərəfinin məlumatına görə, 40 gün davam edən müharibə ərzində ABŞ-İsrail zərbələri nəticəsində 3 375 iranlı həlak olub. 11 aprel tarixində Tehran və Vaşinqton İslamabadda danışıqlar aparsa da, tərəflər bir sıra ziddiyyətlər səbəbindən uzunmüddətli nizamlanma üzrə razılığa gələ bilməyiblər. 21 aprel tarixində ABŞ prezidenti atəşkəs rejimini uzatmaq niyyətində olduğunu bildirib. İran dövlət televiziyasının məlumatına görə, Tehran Vaşinqtonun birtərəfli qaydada elan etdiyi bu uzadılmanı tanımaq niyyətində deyil və öz maraqlarına uyğun hərəkət edəcək.

Son xəbərlər
Digər xəbərlər