Bu il aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiyalarında Avropa ölkələrinin payı 25,9 % olub.
Bu barədə Fondun məlumatında bildirilir.
Məlumata görə, bu, ötən il aprelin 1-i ilə müqayisədə 3,9 faiz bəndi azdır.
Hesabat dövründə portfeldə Şimali Amerika regionu ölkələrinin payı 0,3 faiz bəndi artaraq 26,5 %, Asiya regionu ölkələrinin payı 3,8 faiz bəndi azalaraq 8 %, Yaxın Şərq regionu ölkələrinin payı 0,6 faiz artaraq 1,4 %, Avstraliya və Yeni Zelandiyanın payı 0,2 faiz bəndi artaraq 0,9 % olub, Latın Amerika regionunun payı isə dəyişməyərək 0,1 % qalıb.
ARDNF-in investisiyalarında beynəlxalq maliyyə təşkilatlarının payı 3,2 faiz bəndi azalaraq 1,6 %, qızılın payı isə əvvəlcədən deyildiyi kimi, 9,8 % bəndi artaraq 35,6 % olub.
Bu il aprelin 1-nə ARDNF-in investisiya portfelinin dəyəri 73 milyard 515,2 milyon ABŞ dolları təşkil edib. Bu, ötən il aprelin 1-i ilə müqayisədə 11 milyard 65,7 milyon ABŞ dolları və yaxud 17,7 % çoxdur.






