ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X”də bildirib ki, ABŞ Silahlı Qüvvələri İranın blokadası başlayandan bəri 33 gəmini istiqamətini dəyişməyə məcbur edib. Qurumun məlumatına görə, ABŞ-nin geri dönmək əmri verdiyi gəmilərin əksəriyyəti müqavimət göstərməyib. Ələ keçirilən gəmilərin böyük hissəsi neft tankerləridir.
Bundan əvvəl “Reuters” yazmışdı ki, ABŞ hərbçiləri son günlər Asiya sularında İran bayrağı altında üzən ən azı üç tankeri ələ keçirib. Onların arasında neftlə yüklənmiş iki supertanker də olub. Aprelin 19-u axşam saatlarında ABŞ Hərbi Dəniz Qüvvələri Oman körfəzində “Touska” adlı ticarət gəmisini atəşə tutaraq ələ keçirib.
ABŞ İran limanlarına qarşı dəniz blokadasına aprelin 13-də başlayıb. Buna cavab olaraq İran aprelin 18-də Hörmüz boğazını bağlayıb. Həmin boğaz bundan əvvəl təxminən 12 saat ərzində açıq olmuşdu.






