2025-ci ildə qlobal hərbi xərclər $2,887 trilyon səviyyəsinə çatıb ki, bu da 2024-cü illə müqayisədə 2,9% çoxdur. Bu barədə Stokholm Beynəlxalq Sülh Problemlərinin Tədqiqi İnstitutu (SIPRI) yeni hesabatında bildirib.
İnstitutun ekspertlərinin qeyd etdiyinə görə, bu xərclər ABŞ-də azalsa da, Avropada 14%, Asiya və Okeaniyada isə 8,1% artıb. Ən çox hərbi xərclərə malik üç ölkə — ABŞ, Çin və Rusiya — ümumilikdə $1,480 trilyon vəsait xərcləyib ki, bu da qlobal həcmin 51%-ni təşkil edir.
Hərbi xərclər ardıcıl olaraq 11-ci ildir artır. Onların ÜDM-də payı 2,5%-ə çataraq 2009-cu ildən bəri ən yüksək səviyyəni göstərib. 2025-ci ildə artım tempi 2,9% təşkil edib ki, bu da 2024-cü ildəki 9,7%-lə müqayisədə xeyli aşağıdır. Ekspertlər qeyd edir ki, bu yavaşıma əsasən ABŞ-də xərclərin azalması ilə bağlıdır. ABŞ-dən kənarda isə ümumi xərclər 2025-ci ildə 9,2% artıb.
2025-ci ildə hərbi xərclərə görə ən böyük beş ölkə ABŞ, Çin, Rusiya, Almaniya və Hindistan olub. Bu ölkələrin payına qlobal hərbi xərclərin ümumilikdə 58%-i düşüb.
SIPRI-nin hərbi xərclər və silah istehsalı proqramının tədqiqatçısı Xiao Liang bildirib: “Dövlətlər davam edən müharibələr, qeyri-müəyyənlik və geosiyasi sarsıntılar fonunda genişmiqyaslı silahlanma proqramlarına üstünlük verdiyi üçün 2025-ci ildə qlobal hərbi xərclər yenidən artıb. Mövcud böhranların miqyası və bir çox ölkələrin uzunmüddətli hərbi xərclər hədəfləri nəzərə alındıqda, bu artımın 2026-cı ilin sonuna və daha sonrakı dövrlərə qədər davam edəcəyi ehtimal olunur”.





