İranda baş verən müharibə püstənin qiymətlərinin kəskin artmasına səbəb olub. Bu artım, “dubay şokoladı” da daxil olmaqla, püstəli məhsullara tələbatın misli görünməmiş dərəcədə yüksəlməsi ilə üst-üstə düşüb. Münaqişə dəniz daşımalarını və regional ticarəti pozaraq İrandan ixracı ciddi şəkildə çətinləşdirib və onsuz da çatışmazlıq olan bazarda gərginliyi artırıb.
“Bu, sanki qumardır: biz sadəcə hansı qiymətə satmalı olduğumuzu bilmirik”, — deyə Behnam Heydaripour, Londonda yerləşən “Borna Foods” şirkətinin icraçı direktoru bildirib.
Hayp fonunda çatışmazlıq
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, İran dünya üzrə püstə istehsalının təxminən beşdə birini təmin edir. Ayrı-ayrı illərdə ölkənin ixracı qlobal həcmin 25–30%-nə çatıb. Lakin treyderlər qeyd edir ki, məhsulun ixracı getdikcə çətinləşir: ABŞ və İsrailin İrana qarşı müharibəsi Yaxın Şərqdə logistikanı iflic edib.
“Expana” şirkətinin analitiki Nik Moss bildirib ki, müharibə yeni problemlər yaratmaqdan çox mövcud məhdudiyyətləri daha da gücləndirib, çətinliklər “bir-birinin üzərinə yığılır”.
“Expana”nın məlumatına görə, mart ayında püstənin qiyməti təxminən bir funt üçün $4,57-yə yüksəlib ki, bu da 2018-ci ildən bəri maksimumdur. Qiymət artımına 2023-cü ildə internetdə viral olan və püstə kremi ilə doldurulan “dubay şokoladı” trendi də təsir edib.
İstehsal böhranının səbəbləri
Təklif müharibədən əvvəl də təzyiq altında idi. 2025-ci ildə ABŞ, Türkiyə və İran daxil olmaqla əsas istehsalçı ölkələrdə məhsuldarlıq gözləniləndən aşağı olub, İranda isə plantasiyalar quraqlıqdan ciddi zərər görüb.
İxrac həmçinin sanksiyalar və daxili qarışıqlıqlar səbəbindən məhdudlaşıb. Bu il rabitənin tez-tez kəsilməsi ixracatçıların beynəlxalq alıcılarla əlaqəsini çətinləşdirib və dövriyyəni müharibədən əvvəl də ləngidib.
“İrandakı təchizatçılarla əlaqə saxlamaq çətindir, çünki internet yoxdur. Onlar elektron poçtlara cavab verə bilmirlər”, — deyə Heydaripour izah edib.
Logistik çıxılmaz vəziyyət
Müharibə vəziyyəti daha da ağırlaşdırıb: gəmi xətləri reysləri ləğv edir və ya marşrutları dəyişir, bu isə çatdırılmanı gecikdirir və xərcləri artırır. Yaxın Şərq və Hindistan kimi əsas bazarlara tədarükdə fasilələr yaranıb.
İran Püstə İstehsalçıları Assosiasiyasının idarə heyətinin üzvü Behrouz Aghah bildirib ki, müharibə Bendar-Abbas limanı vasitəsilə əsas ixrac marşrutunu iflic edib. İxrac quru yolları ilə davam etsə də, bu, əlavə xərclər və gecikmələr yaradır.
Onun sözlərinə görə, Hindistana alternativ marşrut Türkiyənin Mersin limanı və Süveyş kanalı üzərindən keçir ki, bu da daha baha və vaxt aparandır. Çinə isə dəmir yolu ilə çatdırılma mümkündür, lakin bu yol da mürəkkəb və xərclidir. Gömrük məlumatlarına görə, son iki ayda İrandan ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 30% azalıb.
Atəşkəs döyüşləri müvəqqəti dayandırsa da, həm ABŞ, həm də İran strateji əhəmiyyətli Hörmüz boğazını məhdudlaşdırmaqda davam edir. Bu isə kommersiya daşımalarına mane olur və enerji daşıyıcıları ilə digər malların qlobal tədarükünü məhdudlaşdırır.
İran püstəsinin unikallığı
Yaxın Şərq püstə ticarətində mərkəzi rol oynayır — region həm istehlakçı, həm də tranzit mərkəzi kimi çıxış edir. İran məhsullarının böyük hissəsi adətən BƏƏ və Türkiyə üzərindən daşınır.
“Borna Foods” şirkəti dövriyyəsinin 95%-ni püstə təşkil edir, dondurma və qoz pastası istehsalçıları üçün Kaliforniya, İspaniya, Türkiyə və İrandan məhsul alır. Şirkətin icraçı direktoru Behnam Heydaripour bildirir ki, Böyük Britaniyada idxal qiymətləri kəskin artıb: müharibədən əvvəl hər kiloqram üçün £16 olduğu halda, hazırda təxminən £18,50-yə yüksəlib. Üstəlik, qarşıda satışların ənənəvi olaraq artdığı yay mövsümü gəlir — bu da əsasən dondurma istehsalçılarının tələbi ilə bağlıdır.
Alıcılar alternativ tədarükçülərə, ilk növbədə ABŞ-yə (qlobal istehsalın 40%-i) yönəlməyə çalışır, lakin amerikalı ixracatçılar artıq ehtiyatlarının böyük hissəsini satıb. Bundan əlavə, keyfiyyət məsələsi də var.
“Biz İran püstəsini başqa mənşəli məhsulla əvəz etməyə çalışırıq, lakin İran püstəsi yüksək yağ tərkibi ilə fərqlənir. Bu isə dad baxımından böyük fərq yaradır”, — deyə Heydaripour bildirir. Onun sözlərinə görə, müştərilərindən biri — Böyük Britaniyada iri paxlava istehsalçısı — ABŞ püstəsindən istifadə edə bilmir: sobada bişirildikdə qozlar quruyur və yanır.






