Böyük Britaniyanın Baş naziri Kir Starmer aprelin 28-də İranda müharibənin nəticələri fonunda yaşayış xərclərinin artımı mövzusunda hökumətin fövqəladə Cobra komitəsinin iclasını keçirəcək.
“Sabah mən Cobra iclası keçirəcəyəm və orada İngiltərə Bankı nümayəndələri də iştirak edəcək ki, əmin olasınız: biz bu böhran dövründə çalışan insanları dəstəkləyəcəyik”, — deyə Starmer pərakəndə ticarət, anbar-logistika, distribusiya və xidmət sahələrində çalışanları birləşdirən USDAW həmkarlar ittifaqının üzvləri qarşısında çıxış edərkən bildirib.
Onun sözlərinə görə, İrandakı müharibənin iqtisadi nəticələri “müəyyən müddət hiss oluna bilər”. Starmer buna misal olaraq ölkədə “hər bir yanacaqdoldurma məntəqəsində” avtomobil yanacağının qiymətlərinin rekord sürətlə artmasını göstərib.
“Ölkəni bizim maraqlarımıza uyğun olmayan heç bir müharibəyə cəlb etməyəcəyəm. Heç vaxt”, — deyə Böyük Britaniya hökumətinin başçısı vurğulayıb.







