Google DeepMind-da möhkəmləndirmə ilə öyrənmə (reinforcement learning) şöbəsinin keçmiş rəhbəri və London kollecinin professoru Devid Silver özünün Ineffable Intelligence adlı süni intellekt startapı üçün ilkin investisiya raundunu bağlayıb. Bu barədə Quartz yazır.
Şirkət 5,1 milyard dollar dəyərləndirmə ilə 1,1 milyard dollar cəlb edib. Aparıcı investorlar Sequoia Capital və Lightspeed Venture Partners olub. Raundda həmçinin Nvidia, Google, Index Ventures, DST Global və Böyük Britaniyanın dövlət suveren süni intellekt fondu iştirak edib.
Ineffable Intelligence 2025-ci ilin noyabrında Londonda yaradılıb. Startapın missiyası “superöyrənən” (superlearner) yaratmaqdır — yəni bilikləri insan tərəfindən toplanmış məlumatlardan deyil, öz təcrübəsi vasitəsilə əldə edən süni intellekt sistemi. Hələki şirkətin heç bir məhsulu yoxdur. Komandanın top-menecerləri arasında Google DeepMind-dən daha üç mütəxəssis yer alır, Bloomberg əlavə edir.
Quartz yazır ki, Devid Silver Google DeepMind-də on ildən çox çalışıb və burada AlphaGo (dünya çempionunu go oyununda məğlub edən ilk süni intellekt), AlphaZero və AlphaStar layihələrinə rəhbərlik edib.
Bloomberg qeyd edir ki, investorlar aparıcı tədqiqatçıların yaratdığı süni intellekt laboratoriyalarını aktiv şəkildə dəstəkləyirlər — çox vaxt hətta məhsul və ya biznes plan olmasa belə. Belə nümunələrə Advanced Machine Intelligence (Meta-nın keçmiş AI rəhbəri Yan Lekun tərəfindən yadılıb), Safe Superintelligence (İlya Sutskever tərəfindən yaradılıb) və World Labs (neyron şəbəkələrin “xaç anası” Fei-Fei Li tərəfindən yaradılıb) kimi startaplar daxildir.







