Azərbaycanın sığorta bazarı 2026-cı ilin birinci rübündə xalis mənfəət baxımından ciddi, 32% daralma ilə üzləşib.
Banker.az-ın ilkin hesablamalarına görə, sektor üzrə ümumi xalis mənfəət illik 23.6 mlnş manatdan 14.9 milyon manata düşüb.
Bazarın lideri olan “PAŞA Sığorta” ASC mövqeyini qoruyub. Şirkətin xalis mənfəəti illik müqayisədə 40% azalaraq 8.52 milyon manat təşkil edib.
İkinci pillədə qərarlaşan “Qala Sığorta” ASC də oxşar tendensiya ilə üzləşib – şirkətin mənfəəti 35% azalaraq 2.89 milyon manata enib. Üçüncü yerdə olan “Xalq Sığorta” ASC isə bazarın ümumi mənzərəsindən fərqli olaraq ən yüksək artım tempini göstərib: şirkətin xalis mənfəəti 165% artaraq 1.48 milyon manata çatıb.
Bazarın ən zəif nəticəsi “Azərbaycan Sənaye Sığorta” ASC-də qeydə alınıb – şirkət hesabat dövrünü 94.1 min manat zərərlə başa vurub, halbuki ötən ilin eyni dövründə mənfəətdə idi.
Təkrarsığorta seqmentində isə fərqli mənzərə müşahidə olunur. Yeganə iştirakçı “AzRe Təkrarsığorta” ASC 2025-ci ildə xalis mənfəətini 203% artıraraq 11.15 milyon manata çatdırıb.







