“SpaceX” potensial investorlarla bölüşdüyü IPO sənədlərində bildirib ki, şirkətin baş direktoru və direktorlar şurasının sədri İlon Mask onun razılığı olmadan vəzifədən kənarlaşdırıla bilməz. Bu barədə “Reuters” məlumat yayıb.
Sənədlərə əsasən, Mask yalnız B sinif səhmdarlarının səsverməsi ilə vəzifədən uzaqlaşdırıla bilər. Lakin fövqal səsvermə hüququ verən bu səhmlər IPO-dan sonra əsasən onun nəzarətində olacaq. Bu isə faktiki olaraq o deməkdir ki, onun vəzifədən getməsi yalnız özünə qarşı səs verməsi ilə mümkün ola bilər.
Əgər Mask uzun müddət ərzində B sinif səhmlərin “əhəmiyyətli hissəsini” saxlayarsa, o, direktorlar şurasının əksəriyyətinin seçilməsinə və dəyişdirilməsinə də nəzarət edə biləcək.
Bu mexanizm “SpaceX”in IPO-dan sonra tətbiq etməyi planlaşdırdığı iki sinifli səhmdar strukturunun bir hissəsidir: adi A sinif və geniş səsvermə hüququna malik B sinif səhmlər. Belə model texnologiya şirkətləri arasında geniş yayılıb və təsisçilərə digər investorlarla müqayisədə daha çox nəzarət imkanı verir.
Bununla belə, adətən belə strukturlarda direktorlar şurası formal olaraq CEO-nu vəzifədən uzaqlaşdırmaq hüququnu saxlayır. Reuters qeyd edir ki, “SpaceX”də bu mexanizmin real təsiri şirkətin təsis sənədlərindən asılı olacaq.
Mətbuatın məlumatına görə, “SpaceX” IPO-nu 2025-ci ilin sonuna planlaşdırır. “Bloomberg” isə 2026-cı ilin aprelində şirkətin təxminən 2 trilyon dollar dəyərində qiymətləndirmə əldə etməyi hədəflədiyini yazıb.






