Azərbaycanda 2026-cı ilin mart ayına müddətli əmanətçilərin sayında aylıq böyük artım qeydə alınıb, bununla belə rüblük rekord yenilənib.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının statistik bülletenində bildirilir.
Belə ki, əmanətçilərin sayı 202 mindən 207 minin üzərinə yüksəlib ki, bu da təkcə bir ayda 5 387 nəfər artım deməkdir. Sonuncu dəfə ən yüksək aylıq artım 2025-ci ilin iyulunda qeydə alınsa da rüblük müqayisədə rekord sayılır. Belə ki, 2026-cı ilin ilk rübündə ümumilikdə unikal əmanətçilərin sayı 13 335 artıb.
Öncəki rüblərdə, məsələn 2025-ci ilin birinci rübündə 7 738, ikinci rübündə 9 916, üçüncü rübündə 12 984 və son rübündə isə 12 977 artım olmuşdu. Rübdən-rübə artım daha yuxarı templə artır.
Bank sektorunda “unikal” əmanətçi dedikdə, bir neçə bankda müddətli əmanəti və ya əmanətləri olan şəxs nəzərdə tutulur. Məsələn, 1 şəxsin 10 bankda müddətli əmanəti və ya əmanətləri mövcuddursa, həmin şəxs bank sektoru üzrə 1 unikal əmanətçi olaraq nəzərə alınır.
İki il öncə Mərkəzi Bank sədri bu artım dinamikasını əhalinin bank sektoruna etimadının yüksək olduğu ilə əlaqələndirmişdi. Əlavə olaraq həmçinin milli valyutada olan əmanətlər üzrə vergi güzəştlərinin tətbiq edilməsi bu dinamikanı bir qədər də sürətləndirib.
Müvafiq artım depozit həcmlərində də eyni templə gedib. Əhalinin banklarda 1 aprel tarixinə 10.76 mlrd. manat ekvivalentində əmanəti var. Bunun da cəmi 5.13 mlrd. manat ekvivalenti xarici valyutada yatırılıb. Bu aylıq 2.7% artımdır.








