AMB: “Yelo Bank” fəaliyyətində problem görmürük, bank kifayət qədər dayanıqlıdır [video]

Azərbaycan Mərkəzi Bankı “Yelo Bank” ASC-nin Avropa İttifaqının 20-ci sanksiya paketində qeyd olunması ilə əlaqədar hər hansı problemin mövcudluğunu görmür.

Banker.az bildirir ki, bu barədə baş bankir Taleh Kazımov mətbuat konfransı zamanı bildirib.

“Hər hansı bir problem biz müşahidə etmirik. Bank yetərincə dayanıqlı mövqedədir, həm likvidlik, həm də kapital adekvatlığı baxımından. Heç bir mənfi gözləntimiz mövcud deyil”- deyə Taleh Kazımov deyib və əlavə edib ki, qurum bankla, maliyyə institutu ilə mütəmadi əlaqə saxlayır.

AMB sədrinin sözlərinə görə, Avropa İttifaqı tərəfindən tətbiq edilmiş sanksiyalara görə ödəniş prosesində müəyyən çətinliklərin yarana biləcəyi istisna olunmur, lakin son həftələrdə bankla müvafiq ödənişlər həyata keçirilir və hər hansı bir problemlə üzləşilməyib.

O vurğulayıb ki, səbəblərin aydınlaşdırılması məqsədilə həm bank, həm də Mərkəzi Bank birgə və ayrı-ayrılıqda aidiyyəti qurumlara müraciət edib və bu prosesi hüquqi çərçivəyə gətirmək üçün addımlar davam etdiriləcək.

“Ümid edirik ki, yaxın aylarda Avropa İttifaqı öz qərarını yenidən nəzərdən keçirərək dəyişəcək, çünki buna hər hansı bir əsas yoxdur. Həm beynəlxalq standartlara müvafiq olaraq, həm də ölkənin daxili qanunvericiliyinə uyğun şəkildə “Yelo Bank” və digər banklar barədə bütün hesabatlılıq tədbirlərimiz saytımızda açıq formada yerləşdirilir. Yəni heç bir problem müşahidə etmirik. Ola bilsin ki, müəyyən anlaşılmazlıq mövcuddur. Əvvəllər qeyd edilmişdi ki, bank Rusiya Federasiyasının SPFS sisteminə qoşulub. Lakin bu qoşulma bir neçə il əvvəl, Ukrayna-Rusiya münaqişəsindən öncə baş verib. Məsələ həmin sistemin istifadəsi ilə bağlıdır. Ola bilsin ki, bu sadəcə anlaşılmazlıqdır, biz bankda hər hansı bir problem görmürük”- deyə Kazımov bildirir.

Son xəbərlər
Digər xəbərlər