Brent markalı neftin qiyməti bir barel üçün $100-dən aşağı enib. Londonun ICE Futures birjasında iyul fyuçerslərinin qiyməti mayın 6-da keçirilən hərraclarda 9,36% azalaraq bir barel üçün $99,59 təşkil edib. Bunu ticarət məlumatları göstərir.
“Reuters” qeyd edir ki, Yaxın Şərqin əsas neft hasil edən regionundan tədarüklərin tezliklə bərpa olunacağı gözləntiləri səbəbindən neft kotirovkaları enməkdə davam edir. Bu gözləntilər ABŞ prezidenti Donald Trampın İranla müharibəyə son qoya biləcək sülh sazişinin əldə oluna biləcəyini bildirməsindən sonra daha da güclənib.
“Axios” nəşri yazıb ki, ABŞ və İran Yaxın Şərqdə münaqişənin dayandırılmasını təsbit edəcək və nüvə proqramı üzrə gələcək danışıqların çərçivəsini müəyyənləşdirəcək qısa anlaşma memorandumunun imzalanmasına yaxındır. Nəşrin mənbələrinin məlumatına görə, Ağ Ev yaxın 48 saat ərzində İranın əsas müddəalara cavabını gözləyir.
Sənəd layihəsi İranın uranı zənginləşdirməsinin dayandırılmasını, ABŞ sanksiyalarının mərhələli şəkildə ləğvini və İranın dondurulmuş vəsaitlərinin bir hissəsinin açılmasını nəzərdə tutur. Həmçinin Hörmüz boğazı vasitəsilə gəmiçiliyə qoyulan məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılması və regionda hərbi gərginliyin azaldılması müzakirə olunur.







