“Morgan Stanley” kriptovalyuta ticarəti xidmətini istifadəyə verib

ABŞ-nin “Morgan Stanley” bankı pilot rejimdə “ETrade” platformasında kriptovalyuta ticarəti xidmətini işə salıb. Qeyd edək ki, hazırda “ETrade” platformasından 8,6 milyon müştəri istifadə edir.

“İnterfaks”ın məlumatına görə, yeni xidmət daha aşağı komissiyalarla fərqlənir — əməliyyatın dollar dəyərinin 0,5%-i həcmində. ABŞ-nin ən böyük kriptobirjası “Coinbase” 0,6%-dən başlayan komissiya tətbiq edir, populyar “Robinhood” platformasında bu göstərici 0,95%, “Charles Schwab”da isə 0,75% təşkil edir.

“Morgan Stanley” ənənəvi maliyyə sistemini mərkəzləşdirilməmiş maliyyə ilə inteqrasiya etməyə ümid edərək biznesin müxtəlif istiqamətlərində kriptovalyuta məhsullarını inkişaf etdirir.

“Bu, sadəcə aşağı komissiyalı kriptovalyuta ticarətindən daha böyük layihədir”, — deyə “Bloomberg” agentliyinə bankın varlı müştərilər üçün sərvət idarəçiliyi bölməsinin rəhbəri Jed Finn bildirib.

Yaxın vaxta qədər bank müştəriləri kriptovalyuta məhsulları üçün digər şirkətlərə müraciət etməli olurdular.

“Bloomberg” mənbələrinin sözlərinə görə, “Morgan Stanley” həmçinin müştərilərin kriptoaktivləri əvvəlcədən satmadan birja fondlarının paylarına çevirməsi üzərində işləyir. Bundan əlavə, bank ilin ikinci yarısında institusional müştərilər üçün tokenləşdirilmiş səhmlərlə ticarət imkanını tətbiq etməyi planlaşdırır.

Aprel ayında “Morgan Stanley” Uoll-Strit bankları arasında ilk olaraq bitkoin ETF-ni istifadəyə verib, fevralda isə rəqəmsal aktivlərlə bağlı kastodial xidmətlər göstərmək hüququ üçün müraciət edib.

Son xəbərlər
Digər xəbərlər