Nazir: “Qarabağda 14 min hektara yaxın kənd təsərrüfatı torpağı investorlara verilib”

Qarabağda kənd təsərrüfatı məqsədilə 14 min hektara yaxın torpaq sahəsi investorlara ayrılıb.

Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

Nazirin sözlərinə görə, Qarabağ bölgəsində aqrar sahədə investorların iştirakının təmin edilməsi üçün keçirilən müsabiqələr davam etdirilir: “İndiyədək iki müsabiqə artıq başa çatdırılıb. Bu müsabiqələrin nəticələrinə əsasən, təqribən 12 mindən 14 min hektara qədər ərazi investorlara təhkim edilib. Hazırda üçüncü müsabiqə də elan olunub”.

M. Məmmədov vurğulayıb ki, Azərbaycanda əsas çətinlik su ehtiyatlarının çatışmazlığı deyil, mövcud su ehtiyatlarının əkin sahələrinə ötürülməsidir: “Hazırkı suvarma infrastrukturunun əhəmiyyətli hissəsi köhnəlmiş vəziyyətdədir. Kanalların böyük əksəriyyəti torpaqdan ibarətdir. Suvarma prosesi əsas etibarilə ənənəvi selləmə metodu ilə həyata keçirilir, müasir suvarma texnologiyalarının tətbiqi isə hələlik aşağı səviyyədədir. Başlıca hədəfimiz suyun su anbarından birbaşa bitkiyə qədər çatdırılmasını təmin etməkdir”.

Nazir qeyd edib ki, bu sahədə həyata keçirilən işlər böyük həcmli investisiyalar və uzunmüddətli zaman tələb edir: “Hazırda dövlət bu layihələrin icrasını öz üzərinə götürüb və hər il daha çox layihə reallaşdırılacaq. Digər mühüm istiqamət isə müasir suvarma sistemlərinin genişləndirilməsidir. Bu gün ölkə ərazisində müasir suvarma texnologiyaları 130 min hektar sahəni əhatə edir. Məqsədimiz 2030-cu ilədək bu göstəricini 300 min hektara yüksəltməkdir. Müasir suvarma üsullarının tətbiqi ilə məhsuldarlıq ən azı 30-40 %, bəzi hallarda isə 2-4 dəfə artır”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər