Çin digər ölkələr üçün demək olar ki, hiss olunmadan neft idxalını müharibədən əvvəlki səviyyə ilə müqayisədə təxminən dörddəbir azaldıb. Bununla belə, daxili ehtiyatların azalması müşahidə olunmur. Bu barədə mənbələrə istinadən “Bloomberg” yazır.
Məqalədə qeyd olunur ki, son həftələr Çin dövlət neft şirkətləri aldıqları bəzi neft partiyalarını rəqiblərinə yenidən satırlar. Bu isə bazarda təklif artıqlığına işarə edir ki, belə vəziyyət adətən qıtlıq dövründə qeyri-adi hesab olunur. Neft sənayesi rəhbərlərinin sözlərinə görə, Pekinin addımları neft qiymətlərinin daha da yüksəlməsinin qarşısını alıb və ticarətə təsir göstərib.
Əmtəə bazarlarının analizi ilə məşğul olan “Vortexa” şirkətinin məlumatına görə, Çin hazırda gündəlik təxminən 8,2 milyon barel neft idxal edir. Müharibədən əvvəl isə bu göstərici 11,7 milyon barel idi.
“Bloomberg” yazır ki, idxalın azalması Pekinin strateji ehtiyatlardan istifadə etməsi və ya kommersiya ehtiyatlarını azaltması ilə izah oluna bilərdi. Lakin bu baş verməyib. Əksinə, peyk məlumatlarına görə, Çinin ehtiyatları artmağa davam edir.
Agentlik qeyd edir ki, Çin əvvəllər fövqəladə hallar üçün lazım olandan daha çox neft alaraq böyük ehtiyatlar formalaşdırmışdı. Hazırda ölkənin ehtiyatları təxminən 1,4 milyard barel təşkil edir. Müqayisə üçün, ABŞ-də bu göstərici 400 milyon, Yaponiyada isə 260 milyon bareldir.
Bununla yanaşı, “Bloomberg” idxalın azalmasının başqa səbəbinin də olduğunu bildirir. Nəşrin danışdığı neft treyderlərinin fikrincə, Çində iqtisadi aktivlik əvvəl düşünüləndən daha zəif ola bilər və bu da neft istehlakını azaldır.
“Bloomberg”in qiymətləndirməsinə görə, İran müharibəsinin Filippin, Vyetnam və Tailand kimi Çin tərəfdaşlarına təsiri bu zəifləmənin katalizatorlarından biri ola bilər. Bundan əlavə, elektromobillərin populyarlığının artması, ictimai nəqliyyatın yaxşılaşması və uzaqdan iş imkanları Çin ailələrinin yüksək neft qiymətlərinə daha asan uyğunlaşmasına kömək edib.
Beynəlxalq Enerji Agentliyi (IEA) hesab edir ki, mart və apreldə Çində neftə tələbat illik müqayisədə gündəlik təxminən 110 min barel azalaraq 17 milyon barelə düşüb. Lakin Bloomberg yazır ki, bu azalma idxalın bu qədər kəskin enməsini tam izah etmir.
Bəzi ekspertlərin fikrincə, tələbatın zəifləməsi Çin neft-kimya sənayesi ilə də bağlıdır. Son beş ildə neft istehlakının artımında əsas rol məhz bu sektorun payına düşüb. Bununla belə, Çin modeli unikaldır, çünki ölkədə neft və LNG ilə yanaşı kömürdən istifadə edən paralel istehsal sistemi də mövcuddur.
Eyni zamanda agentlik ehtimal edir ki, Çin tədricən strateji ehtiyatlarından, o cümlədən peyklərlə görünməyən yeraltı anbarlardan istifadə edir. Buna baxmayaraq, Bloomberg belə nəticəyə gəlir ki, “hazırda Çin neft bazarında balansı yenidən formalaşdırır”.
Mayın 7-də Yaxın Şərqdə münaqişə başlayandan bəri ilk dəfə olaraq Çin tankeri Hörmüz boğazında hücuma məruz qalıb. Gəminin üzərində “Çin sahibi və ekipajı” işarəsi olub.
Bundan iki gün əvvəl ABŞ Prezidenti Donald Tramp bildirmişdi ki, Vaşinqton Çinə neft tanker marşrutlarını Fars körfəzi ölkələri əvəzinə ABŞ istiqamətinə yönəltməyi təklif edib. O həmçinin qeyd edib ki, Çin neftinin təxminən 60%-ni Hörmüz boğazı vasitəsilə alır.







