Avropanın üç ən böyük neft şirkəti — Shell, BP və TotalEnergies — ilin birinci rübündə enerji bazarlarındakı yüksək volatillik hesabına ən azı 4,75 milyard dollar gəlir əldə edib. Bu barədə Financial Times adı açıqlanmayan beş analitikin qiymətləndirmələrinə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, İrandakı müharibə və Venesueladakı hadisələr səbəbindən qiymətlərin kəskin dəyişməsi bu üç şirkətin treydinq bölmələri üçün olduqca əlverişli imkanlar yaradıb. Analitiklərin hesablamalarına əsasən, ötən ilin dördüncü rübü ilə müqayisədə onların əlavə gəliri 3,3 milyard dollardan 4,75 milyard dollara qədər olub. Beləliklə, bu bölmələrin payına cari ilin birinci rübündə üç şirkətin ümumi mənfəət artımının 48%-dən 69%-dək hissəsi düşüb.
Ekspertlər qeyd ediblər ki, bununla Avropa neft şirkətləri güclü treydinq bölmələrinə malik olmağın ABŞ şirkətləri qarşısında mühüm rəqabət üstünlüyü olduğunu nümayiş etdiriblər. ABŞ şirkətlərinin gəlirləri isə daha çox birbaşa hasilatdan asılıdır.
Onlar Total-ın baş direktoru Patrik Puyannenin sözlərini xatırladıblar. O, şirkətin birinci rüb üzrə hesabatını təqdim edərkən bildirib ki, treyderlər bazarda volatillik görəndə adətən çox xoşbəxt olurlar.






