2026-cı ilin yanvar-aprel aylarında Qazaxıstanın ÜDM-i ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% artıb. Bu barədə ölkənin Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Dörd ayın yekunlarına görə sənaye istehsalı müsbət zonaya keçib — fiziki həcm indeksi 102,1% təşkil edib. Sənayenin bərpasında əsas amil emal sektorunda artımın sürətlənməsi olub. Bu sahədə istehsal həcmi 9,9% artıb.
Yüksək artım tempi maşınqayırma sahəsində də qorunub saxlanılıb — artım 23,3% olub. Buna nəqliyyat vasitələri, kənd təsərrüfatı və dəmir yolu texnikası, elektrik malları və avadanlıqların istehsalının artması təsir edib.
Aşağıdakı sahələrdə də yüksək artım qeydə alınıb:
- yüngül sənaye — 2,3 dəfə
- mebel istehsalı — +41,7%
- əczaçılıq sənayesi — +35,2%
- tikinti materialları istehsalı — +27,7%
- kimya sənayesi — +18,4%
- qida istehsalı — +14,4%
Ümumilikdə, ilin ilk dörd ayında iqtisadiyyatdakı müsbət dinamika baza sektorlarında davamlı artımla təmin olunub. Ən yüksək artım tempi aşağıdakı sahələrdə müşahidə edilib:
- tikinti — 114,5%
- nəqliyyat və anbar təsərrüfatı — 112%
- emal sənayesi — 109,9%
- ticarət — 105,1%
- kənd təsərrüfatı — 103,6%
Beləliklə, ÜDM-in real artım strukturunda qeyri-xammal sektorlarının, xüsusilə tikinti, nəqliyyat, ticarət və emal sənayesinin rolunun gücləndiyi müşahidə olunur.
Xatırladaq ki, 2025-ci ildə Qazaxıstanın ÜDM-i 6,5% artmışdı. Beynəlxalq Valyuta Fondu 2026-cı il üzrə Qazaxıstan iqtisadiyyatının real artım proqnozunu 4,4%-ə qədər aşağı salıb.
AERC isə 2026-cı ildə Qazaxıstan iqtisadiyyatının məcmu təklif modeli üzrə 4,8%, məcmu tələb modeli üzrə isə 4,9% artacağını proqnozlaşdırır.
Bununla yanaşı, Qazaxıstan hökuməti cari ilin yekunlarına görə iqtisadi artımın 5,4% səviyyəsində olacağını gözləyir.







