IP şirkətinə baş icraçı direktor təyin olunub

API Holding şirkətindən Italiana Petroli (IP) şirkətinin səhmlərinin 99,82 faizinin alınması əməliyyatının tamamlanmasından sonra IP şirkətinin baş icraçı direktoru (CEO) vəzifəsinə Levan Davitaşvili təyin olunub.

Bu barədə SOCAR-dan məlumat verilib.

İtaliyada IP şirkətinin fəaliyyətinə rəhbərlik edəcək Levan Davitaşvili əməliyyat davamlılığının təmin olunması, şirkətin ölkənin enerji bazarındakı mövqeyinin qorunması və daha da möhkəmləndirilməsi, həmçinin IP-nin SOCAR Qrupuna inteqrasiya prosesinə nəzarətin həyata keçirilməsi istiqamətlərində fəaliyyət göstərəcək.

Qeyd edək ki, italyan dilini mükəmməl bilən Levan Davitaşvili dövlət və özəl sektorda yüksək rəhbər vəzifələrdə 25 ildən artıq təcrübəyə malikdir. O, 2021–2025-ci illərdə Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri vəzifələrində çalışıb. Həmçinin Cənubi Qafqazı Avropa İttifaqına üzv dövlətlərlə birləşdirən “Yaşıl Enerji Dəhlizi” təşəbbüsündə Gürcüstanın iştirakı ilə bağlı prosesə rəhbərlik edib. Levan Davitaşvili 2025-ci ilin noyabr ayından etibarən SOCAR prezidentinin müşaviri vəzifəsində fəaliyyət göstərir.