Hindistan şəkər ixracına qadağa qoyub

Hindistan hakimiyyəti 2026-cı il sentyabrın 30-dək şəkər ixracına qadağa qoyub. Müvafiq sərəncam respublikanın Xarici Ticarət Baş Direktorluğu tərəfindən dərc olunub.

“Xam şəkər, ağ şəkər və rafinə olunmuş şəkər daxil olmaqla şəkər ixracı siyasəti dərhal qüvvəyə minməklə və 2026-cı il sentyabrın 30-dək və ya əlavə göstəriş verilənədək “məhdud” kateqoriyasından “qadağan olunmuş” kateqoriyasına dəyişdirilib”, – bildirişdə qeyd olunub.

Bundan əvvəl şəkər ixracı “məhdud” kateqoriyasına aid idi ki, bu da xarici tədarüklərin həyata keçirilməsi üçün xüsusi lisenziyanın alınmasını nəzərdə tuturdu. Hazırkı qadağa daxili bazarda şəkər təklifinin artırılmasına və Yaxın Şərqdəki münaqişənin yaratdığı ümumi qeyri-müəyyənlik və inflyasiya riskləri fonunda qiymətlərin sabit saxlanmasına xidmət edir.

Sərəncam Aİ və ABŞ-yə xüsusi razılaşmalar çərçivəsində ixrac edilən şəkərə şamil olunmur. Həmin razılaşmalar ixracatçılara göstərilən regionlara müəyyən həcmdə şəkəri əhəmiyyətli dərəcədə azaldılmış və ya sıfır gömrük rüsumları ilə tədarük etməyə imkan verir.

Hindistan Braziliyadan sonra dünyada ikinci ən böyük şəkər istehsalçısıdır. Proqnozlara əsasən, 2025–2026 mövsümündə etanol istehsalına yönəldilən həcmlər çıxıldıqdan sonra ümumi şəkər istehsalı 29,3 milyon ton təşkil edəcək. Bu göstərici 2024–2025 mövsümündə qeydə alınmış 26,12 milyon tondan yüksəkdir.

Son xəbərlər
Digər xəbərlər