Hindistan ABŞ-dən mayın 16-da başa çatan Rusiya neftinin alınmasına icazənin müddətinin uzadılmasını xahiş edib. Bu barədə vəziyyətlə tanış mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.
Fars körfəzində müharibə artıq təxminən 11 həftədir davam edir və bu, dünyada xam neftin ən böyük üçüncü idxalçısı olan Hindistan iqtisadiyyatına ciddi zərbə vurur.
ABŞ ilk dəfə mart ayında Rusiya neftinin alınmasına icazə vermiş, daha sonra isə bu icazənin müddətini mayın 16-dək uzatmışdı. Bu addım dünya bazarına neft tədarükünü artırmaqla qiymət artımını cilovlamaq məqsədi daşıyırdı.
Bundan əvvəl — ABŞ və İran arasında müharibə başlamazdan öncə — Vaşinqton Yeni Dehlini Rusiyadan neft alışını azaltmağa çağırırdı. ABŞ bununla Moskva üzərində təzyiqi artırmaq və onu hərbi əməliyyatları dayandırmağa məcbur etmək istəyirdi.
Yaxın Şərqdəki münaqişənin yaxın zamanda bitəcəyi görünmədiyindən, Hindistan rəsmiləri Vaşinqtona ölkənin kifayət qədər neft tədarükü ilə təmin olunmasının prioritet olaraq qaldığını bildiriblər. “Bloomberg” yazır ki, neft bazarında davam edən volatillik artıq yemək bişirmək üçün qaz çatışmazlığı ilə üzləşən bir çox hindistanlı üçün ciddi nəticələr doğura bilər.
Bu fonda Hindistanın Rusiya nefti idxalı rekord həddə çatır. Ölkənin neft emalı zavodları mayın 16-sı ərəfəsində mümkün qədər çox həcmdə neft almağa çalışırlar.
“Kpler” şirkətinin məlumatına görə, may ayında Rusiyadan Hindistana neft tədarükü gündəlik rekord həddə — 2,3 milyon barelə çatıb. Bu, ABŞ-nin dənizdə olan Rusiya neftinin alınmasına icazə verməsi sayəsində mümkün olub.







