Səudiyyə Ərəbistanı region ölkələrə İrana hücum etməmək haqqında pakt bağlamağı təklif edir

Səudiyyə Ərəbistanı ABŞ və İsraillə münaqişə başa çatdıqdan sonra Yaxın Şərq dövlətləri ilə İran arasında hücum etməmək haqqında pakt bağlanması ideyasını müttəfiqləri ilə müzakirə edib. Bu barədə diplomatik mənbələrə istinadən “Financial Times” məlumat yayıb.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Ər-Riyad potensial model kimi 1970-ci illərin Helsinki prosesini nəzərdən keçirir. Həmin proses “soyuq müharibə” dövründə Avropada gərginliyin azalmasına kömək etmişdi.

Helsinki sazişləri 1975-ci ildə Avropa ölkələri, ABŞ və SSRİ tərəfindən beynəlxalq gərginliyin azaldılması məqsədilə imzalanmışdı. Sənədlər müharibədən sonrakı sərhədlərin tanınmasını, dövlətlərin ərazi bütövlüyünü, mübahisələrin sülh yolu ilə həllini, iqtisadi əməkdaşlığı və digər məsələləri əhatə edirdi.

Səudiyyə Ərəbistanında hesab edirlər ki, İran hazırkı münaqişədən zəifləyərək çıxacaq, lakin yenə də qonşuları üçün təhlükə olaraq qalacaq. Mənbələr bildiriblər ki, hücum etməmək haqqında pakt nəzərdən keçirilən variantlardan biridir.

Diplomatların sözlərinə görə, Avropa İttifaqı bu ideyanı dəstəkləyib və Fars körfəzi ölkələrini təşəbbüsə qoşulmağa çağırıb. Avropada hesab edirlər ki, belə bir pakt Tehrana hücum edilməyəcəyinə dair təminatlar verərək gələcək münaqişələrin qarşısını almağa kömək edə bilər. Adı açıqlanmayan ərəb diplomat qeyd edib ki, təşəbbüs əksər ərəb və müsəlman ölkələri, eləcə də İran tərəfindən müsbət qarşılanacaq.

“Hamısı paktın iştirakçılarından asılıdır: indiki şəraitdə İsrail və İranı bir araya gətirmək mümkün deyil. Amma İsrailsiz təşəbbüs nəticəsiz qala bilər”, — deyə diplomat bildirib.

İki mənbə həmçinin BƏƏ-nin hər hansı sazişə qoşulmağa hazır olduğuna şübhə etdiyini qeyd edib. Onların sözlərinə görə, BƏƏ Fars körfəzi ölkələri arasında İrana qarşı ən sərt mövqeyi tutur.

Son xəbərlər
Digər xəbərlər