12 C
Baku
Monday, November 25, 2024

Fiziki şəxs tərəfindən icarəyə götürülmüş obyektin qeydiyyatı və ödəmə mənbəyində verginin tutulması barədə

Siz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ilk növbədə vergi orqanında uçota dayanmalı və VÖEN almalısınız. Amma göstərəcəyiniz sahibkarlıq fəaliyyəti üçün Sizə hər hansı yer (ofis, satış və xidmət yeri və s.) tələb olunursa, bu halda nə etməli və qanunvericiliyin tələbləri necədir?

Fəaliyyətinizə uyğun yer (obyekt) tapırsınız və həmin yerin icarəyə götürülməsi barədə obyekt sahibi ilə sövdələşirsiniz. Razılığa gəldiyiniz halda obyektin sahibi ilə icarə haqqı göstərilməklə icarə müqaviləsi bağlayırsınız. Qeyd: icarə müqavilələri notarial qaydada təsdiq olunur. İcarəyə götürdüyünüz obyekt təsərrüfat subyekti kimi vergi orqanında uçota alınmalıdır. Obyekt VÖEN-i olan fiziki şəxsdən icarəyə götürüldükdə, eyni zamanda icarəyə verən həmin təsərrüfat subyektini – icarə obyekti kimi uçota qoymalı və icarə fəaliyyətinə görə vergi orqanındakı öz məlumatlarında müvafiq dəyişiklik edilməsi üçün müraciət etməlidir.

İcarə haqqından ödəmə mənbəyində verginin tutulması:

Obyekt hüquqi şəxsdən icarəyə götürüldükdə, bu halda ödəmə mənbəyində vergi tutulmur və icarə haqqı tam məbləğdə icarəyə verənə ödənilir. Obyekt fiziki şəxsdən icarəyə götürüldükdə isə icarəçi ödəmə mənbəyində 14% dərəcə ilə vergini tutmalı, icarə haqqının ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməli və “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ni vergi orqanına təqdim edilməlidir.

Maliyyə sanksiyaları və faizlər:

 Ödəmə mənbəyində verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

 “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ni vergi orqanına vaxtında təqdim edilməməsinə görə 40 manat maliyyə sanksiyası tətbiq edilir.

 Ödəmə mənbəyində vergi qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, ancaq bir ildən çox olmamaq şərtilə vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.

Son xəbərlər
Digər xəbərlər