Azərbaycanda Mərkəzi Bankın əsas diqqətdə saxladığı illik inflyasiya aprel ayında zəifləmə nümayiş etdirib.
Banker.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2026-cı ilin aprel ayında istehlak qiymətləri ötən ilin eyni ayı ilə müqayisədə 5.5% artıb. Mart ayında bu göstərici 5.6% təşkil etmişdi. Aylıq ifadədə isə qiymətlərdə artım 0.3% olub.
Yanvar-aprel dövründə orta illik inflyasiya 5.6% səviyyəsində olub. Hesabat dövründə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər 6.7%, qeyri-qida məhsulları üzrə 3.7%, ödənişli xidmətlər üzrə isə 5.7% artıb. Aprel ayında qida inflyasiyası aylıq müqayisədə 0.3%, illik müqayisədə isə 6.2% olub.
İnflyasiya göstəricilərinin hədəf diapazonund (2%-6% aralığı) a qalmasına baxmayaraq, Azərbaycan Mərkəzi Bankı son qərarında risklərin əsasən xarici mənbələrdən qaynaqlandığını demişdi.
“Baxmayaraq ki, inflyasiya hədəfimiz yuxarı revizya edilib, lakin hədəf çərçivəsində (2-6%) qalacağını proqnoz edirik”- Mərkəzi Bankın sədri Taleh Kazımov 6 may qərarına dair təşkil edilmiş mətbuat konfransında bildirib.
Tənzimləyici qurum mayın 6-da keçirilən iclasda uçot faiz dərəcəsini 6.5% səviyyəsində dəyişməz saxlayıb. Faiz dəhlizinin aşağı həddi 5.5%, yuxarı həddi isə 7.5% olaraq qorunub.
AMB qərarında qeyd edib ki, Mərkəzi Bankının yenilənmiş may proqnozuna görə 2026-cı il üzrə illik inflyasiya 5.9 faizə yüksəldilib. Halbuki, 2026-cı ilin ilk fevral iclasında bu rəqəm 5.5 faiz təşkil edirdi. 2027-ci il üzrə inflyasiya isə fevraldakı 4% proqnozu mayda 4.5% ilə dəyişdirilib. Mərkəzi Bank bunu qlobal ərzaq qiymətlərinin artımı, ticarət tərəfdaşlarında inflyasiya təzyiqlərinin güclənməsi və nominal effektiv məzənnənin möhkəmlənmə tempinin zəifləməsi ilə əlaqələndirib.
“2025-ci ilin dekabrında ticarət tərəfdaşlarının orta çəkili inflyasiyası 7.5 faiz təşkil edib. Bu da da mart ayının inflyasiyasına 2.79 faiz bəndi artıcı təsir edib” – deyə, AMB sədri deyib.
Qərarda həmçinin Yaxın Şərqdəki geosiyasi gərginliyin nəqliyyat və sığorta xərclərini artırdığı, enerji bazarlarında qiymət dəyişkənliyini gücləndirdiyi bildirilib. AMB-nin qiymətləndirməsinə görə, ilin qalan hissəsində xarici mənşəli xərc amilləri inflyasiya dinamikasına təsir edən əsas faktor olaraq qalacaq.
Mərkəzi Bank mayda bu il və növbəti il üçün Azərbaycanda ÜDM artımının fevraldakı proqnozlarla müqayisədə endirib. Belə ki, 2026-cı il üçün 2.9%-dən 1.1%-ə, 2027-ci ildə isə 4.7%-dən 3.2%-ə endirib. AMB-nin sədri Taleh Kazımov qeyd edib ki, iqtisadi artıma daxili tələbin və qeyri-neft sektorundakı aktivliyin dəstək verəcəyi gözlənilir.






