Hindistan son 4 ildə ilk dəfə yanacaq qiymətlərini artırır

Hindistanın dövlətə məxsus neft emalı zavodları son dörd ildə ilk dəfə yanacaq qiymətlərini artırıb. Buna səbəb İran ətrafında müharibə fonunda yüksələn neft qiymətləri və bunun ölkənin emal müəssisələrinə yaratdığı maliyyə təzyiqidir.

Dizel və benzin qiymətləri 3%-dən çox artıb. Bu artım, münaqişənin başlanmasından bəri Brent markalı neftin təxminən 50% bahalaşması fonunda nisbətən məhdud hesab olunur. Yeni Dehlidə dizelin litri 90,67 rupi, benzinin litri isə 97,77 rupi olacaq. Hazırda qiymətlər 2022-ci ilin mayından bəri ən yüksək səviyyədədir.

Hindistan dünyada neft idxalına görə üçüncü yerdədir və qlobal bazarlardan, xüsusilə də Fars körfəzindən enerji tədarükündən ciddi asılıdır. Böhran dövrlərində hökumət adətən qiymətlərə həssas istehlakçıların qorunmasına və inflyasiyanın cilovlanmasına üstünlük verir. Lakin cümə günü baş verən qiymət artımı fiskal və bazar təzyiqlərinin güclənməsi fonunda balansın bərpasına başlanıldığını göstərir.

Bununla belə, artım ölkənin iri enerji şirkətlərinin gözləntilərini qarşılamır. Indian Oil Corporation, Bharat PetroleumHindustan Petroleum yanacaq satışlarından gündəlik təxminən 10 milyard rupi ($104 milyon) itki verir. Motilal Oswal Financial Services şirkətinin iqtisadçısı Radhika Piplani bildirib ki, pərakəndə yanacaq satıcıları hələ də hər litr üzrə 15–20 rupi fərqlə üzləşəcəklər.

Cümə günü Mumbay birjasında neft emalı şirkətlərinin səhmləri ucuzlaşıb. Hindustan Petroleum-un səhmləri 2,9%, Bharat Petroleum və Indian Oil-in səhmləri isə 1%-dən çox geriləyib.

Özəl sektorda Shell yanacaqdoldurma məntəqələrində benzinin qiyməti 110 rupidən, dizelin qiyməti isə təxminən 120 rupidən yüksəkdir.

Hindistanda dövlətə məxsus yanacaq pərakəndə şirkətləri ölkədəki yanacaqdoldurma məntəqələrinin 90%-nə nəzarət edir və formal olaraq qiymətləri sərbəst müəyyən etmək hüququna malik deyil. Bununla belə, hökumət əsas səhmdardır və 2024-cü ilin martından bəri yanacaq qiymətlərini sabit saxlayırdı.

Dizel Hindistanda ümumi yanacaq satışlarının təxminən 40%-ni, benzin isə 17%-dən çoxunu təşkil edir. Pərakəndə qiymətlər ştatlardan asılı olaraq yerli əlavə dəyər vergisinə görə fərqlənir.

Cümə günüki qiymət artımı mart ayında yanacaq vergilərinin azaldılmasından sonra baş verib. Həmin qərar neft emalı zavodlarının vəziyyətini bir qədər yüngülləşdirsə də, zərərləri tam kompensasiya etmir. Macquarie Research hesab edir ki, emal şirkətlərinin zərərsiz işləməsi üçün qlobal neft qiymətləri bir barel üzrə $80–85 səviyyəsinə yaxın olmalıdır. Cümə günü Brent nefti $107 səviyyəsində olub.

Qiymətlərin hər litr üçün cəmi 3 rupi artırılması əsasən inflyasiyanın məhdudlaşdırılması zərurəti ilə izah olunur. Hindistan rupisinin zəifləməsi və neftin $100-dən yüksək olması artıq ciddi narahatlıq yaradır. İqtisadçıların fikrincə, ölkənin tədiyə balansı ardıcıl üçüncü il də kəsirli qala bilər.

Bu addım eyni zamanda daha böyük qiymət artımlarına zəmin hazırlamaq cəhdi kimi də qiymətləndirilir. Bu tendensiya Hindistanda tez-tez müşahidə olunur.

Emkay Financial Services şirkətinin iqtisadçısı Madhavi Arora bildirib: “Qiymət artımı yetərli deyil, amma mərhələli artımlar seriyasının başlanğıcı ola bilər. Bununla belə, biz hesab edirik ki, başlanğıc üçün litr başına 5 rupi daha uyğun səviyyə olardı”.

Ötən ay regional seçkilərin başa çatmasından sonra bazar dizel və benzin qiymətlərinin artırılacağını gözləyirdi. Bu gözləntilər tələbi artırıb və bəzi ştatlarda yanacaqdoldurma məntəqələrinin bağlanmasına səbəb olub. Bu, baş nazir Narendra Modinin vətəndaşları yanacaq istehlakını azaltmağa çağırmasına baxmayaraq baş verib.

Son xəbərlər
Digər xəbərlər