Tehran Hörmüz boğazının altından keçən sualtı internet kabellərinin istifadəsinə görə iri texnologiya şirkətlərindən ödəniş almaq istəyir. Bu barədə CNN məlumat yayıb. Telekanal qeyd edir ki, həmin kabellər vasitəsilə Avropa, Asiya və Fars körfəzi arasında böyük həcmdə internet və maliyyə trafiki ötürülür.
İran Silahlı Qüvvələrinin nümayəndəsi İbrahim Zülfəqari ötən həftə X sosial şəbəkəsində İranın internet kabellərinə görə rüsum tətbiq edəcəyini bildirib.
İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli media orqanlarının məlumatına görə, Tehranın planına əsasən, Google, Microsoft, Amazon və Meta kimi şirkətlər İran qanunvericiliyinə riayət etməli, sualtı kabel operatorları isə kabellərin keçidinə görə lisenziya ödənişləri etməlidirlər. Materialda qeyd olunur ki, kabellərin təmiri və texniki xidməti hüququ yalnız İran şirkətlərinə veriləcək.
CNN qeyd edir ki, ABŞ sanksiyalarına görə texnologiya nəhənglərinin İrana ödəniş etməsi qadağan olunduğundan, Tehranın bu tələbləri necə tətbiq etdirəcəyi aydın deyil.
Telekanal xəbərdarlıq edib ki, sualtı internet kabellərinə mümkün hücum yalnız internet sürətinə təsir göstərməyəcək. Bu, bank sistemləri, hərbi rabitə, süni intellektin bulud infrastrukturu, uzaqdan iş, onlayn oyunlar və striminq xidmətləri üçün də risk yaradacaq.
Materialda bildirilir ki, Hörmüz boğazından bir neçə iri qitələrarası sualtı kabel keçir. Beynəlxalq operatorlar təhlükəsizlik risklərinə görə İran sularından yayınaraq kabellərin böyük hissəsini boğazın Oman tərəfi boyunca dar zolaqda cəmləşdiriblər. Bunu CNN-ə Həbtur Araşdırma Mərkəzinin böyük elmi işçisi Mustafa Əhməd bildirib.
Lakin TeleGeography şirkətinin araşdırmalar üzrə direktoru Alan Moldinin sözlərinə görə, Falcon və Gulf Bridge International (GBI) adlı iki kabel İranın ərazi sularından keçir.
CNN həmçinin mənbəyə istinadən xəbər verib ki, Donald Tramp mayın 16-da Virciniyadakı qolf klubunda milli təhlükəsizlik komandası ilə İranla müharibədə növbəti addımları müzakirə edib. Görüşdə vitse-prezident Cey Vens, dövlət katibi Marko Rubio və xüsusi nümayəndə Stiv Uitkoff iştirak ediblər.
Telekanalın məlumatına görə, Tramp və komandası Pekinə səfər zamanı İranla bağlı gələcək addımlar barədə qərar verməkdən çəkiniblər. Administrasiya nümayəndələri CNN-ə bildiriblər ki, onlar əvvəlcə Tramp və Si Cinpin arasında danışıqların nəticəsini görmək istəyiblər.
Mayın 5-də dövlət katibi Marko Rubio fevralın 28-də ABŞ və İsrailin İrana zərbələri ilə başlayan “Epik Qəzəb” əməliyyatının başa çatdığını elan edib. O bildirib ki, ABŞ əməliyyatın məqsədlərinə nail olub. Aprelin 8-də ABŞ, İran və İsrail iki həftəlik atəşkəs barədə razılığa gəliblər, daha sonra isə aprelin 21-də Tramp atəşkəsi müəyyən müddətə uzadıb.
Mayın 15-də mənbələrə istinadən bildirilib ki, ABŞ və İsrail artıq bu həftə İranla müharibənin yenidən başlanmasına intensiv hazırlaşırlar. Nəşrin həmsöhbətləri xəbərdarlıq ediblər ki, Tramp hərbi zərbələri bərpa etmək qərarı verərsə, İranın hərbi obyektləri və infrastrukturu daha aqressiv bombardman edilə bilər.







