Bakıda yaxın perspektivdə yeni nəqliyyat növlərinin, o cümlədən kanat yolu və tramvay xətlərinin yaradılması nəzərdə tutulur.
Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.
Onun sözlərinə görə, hazırda paytaxtda ictimai nəqliyyat sisteminin inkişafı istiqamətində geniş işlər aparılır.
E. Əzizov qeyd edib ki, Bakıda 140 kilometrdən çox avtobus zolağı və 80 kilometr velosiped yolu yaradılıb.
O bildirib ki, metro infrastrukturunun genişləndirilməsi ilə yanaşı, şəhər üçün yeni nəqliyyat həllərinin tətbiqi nəzərdə tutulur.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısının sözlərinə görə, bu layihələr şəhərdə mobilliyin artırılmasına, nəqliyyat sıxlığının azaldılmasına və ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edəcək.







