“Reuters” və “Ipsos” sorğusuna görə, ABŞ prezidenti Donald Trampın amerikalılar arasında etimad reytinqi 35%-ə düşərək yeni minimum səviyyəyə çatıb.
Sorğuya görə, respondentlərin 35%-i Trampın prezident kimi fəaliyyətini bəyənir. Bu, bu ayın əvvəlində keçirilən oxşar sorğu ilə müqayisədə bir faiz bəndi azalma deməkdir.
Bununla yanaşı, Respublikaçılar Partiyasının tərəfdarları arasında Trampa qarşı narazılıq səviyyəsi 21%-ə yüksəlib. Prezidentin 2025-ci ilin yanvarında vəzifəyə başlamasından sonra bu göstərici 5% idi. Eyni zamanda, respublikaçıların 79%-i Trampın işinin öhdəsindən effektiv şəkildə gəldiyini düşünür.
Sorğu mayın 15-dən 18-dək onlayn formatda keçirilib. Tədqiqatda ABŞ-nin 1271 yetkin sakini iştirak edib.
4 mayda “The Washington Post” qəzeti “ABC News” və “Ipsos” ilə birgə aparılan araşdırmaya istinadən bildirib ki, Trampın fəaliyyətini bəyənməyən amerikalıların payı 62%-ə çatıb. Nəşr qeyd edib ki, bu rəqəm siyasətçinin hər iki prezidentlik dövründə ən yüksək göstəricidir.
Mayın 3-də “The Wall Street Journal” qəzeti Tramp administrasiyasının İranla bağlı münaqişənin ciddi nəticələri ilə üzləşdiyini bildirib. Nəşrin qiymətləndirməsinə görə, vəziyyət böyük xərclər tələb edir, cəmiyyətdə birmənalı qarşılanmır və onun başa çatdırılması ilə bağlı aydın strategiya yoxdur.







