“Financial Times” qəzetinin şirkət sənədləri və “PitchBook” məlumatlarına istinadən verdiyi məlumata görə, “Nvidia” 2026-cı maliyyə ilində — 25 yanvar 2026-da başa çatan dövrdə — müxtəlif tərəfdaşlıqlara 47 milyard dollar investisiya yatırıb. Sonrakı dörd ay ərzində şirkət daha 43 milyard dollar sərmayə qoyub.
“Nvidia” süni intellekt modelləri hazırlayan şirkətlərdən tutmuş bulud provayderlərinədək təxminən 145 şirkətə investisiya edib və texnologiya sektorunda “ən aqressiv” investor adlandırılıb. FT-nin sorğu keçirdiyi bankirlərdən biri bildirib ki, şirkət “hamını maliyyələşdirir”.
“Nvidia”nın strategiyası sənayenin böyük hissəsini şirkətin texnologiya və məhsullarına daha sıx bağlayır, lakin eyni zamanda maliyyə və tənzimləmə risklərini artırır. Nəşr vurğulayır ki, “Nvidia”nın sövdələşmələri ABŞ, Aİ və Böyük Britaniyanın antimonopoliya tənzimləyicilərinin diqqətini cəlb edib.
2026-cı maliyyə ilində “Nvidia” investisiyalara əməliyyat pul axınının təxminən 40%-ni yönəldib ki, bu da rəqiblərlə müqayisədə “xeyli çoxdur”. Məsələn, texnologiya sahəsinin ən böyük investorlarından biri olan “Alphabet” ənənəvi olaraq illik əməliyyat pul axınının 6%-dən çoxunu investisiyalara ayırmır.
Bundan əlavə, “Nvidia” tədarük zəncirlərinə və istehsal güclərinə əlavə olaraq 95 milyard dollar investisiya yatırmağı öhdəsinə götürüb. 2025-ci ilin oktyabrında “Nvidia” bazar dəyəri 5 trilyon dolları keçən dünyada ilk şirkət olmuşdu. 2026-cı il mayın 20-nə olan məlumata görə, çip istehsalçısının kapitallaşması 5,34 trilyon dollar təşkil edir.







