Bu açıqlama ABŞ prezidenti Donald Trampın Ağ evdə jurnalistlərə yaxın günlərdə razılaşma əldə olunmasa, İrana qarşı yeni zərbələr əmri verə biləcəyini deməsindən sonra səsləndirilib. “Reuters”in sitat gətirdiyi Trampın sözlərinə görə, İran rəhbərliyi razılaşma əldə etməyə çalışır.
Daha sonra Tramp bildirib ki, Fars körfəzindəki müttəfiqləri ondan iki-üç gün gözləməyi xahiş etdikləri üçün zərbələri bir müddətə və ya hətta tamamilə təxirə salmağa qərar verib. “Associated Press” xəbər verir ki, Tramp vasitəçilərin İranla razılaşmaya yaxın olduqlarını düşündüklərini deyib.
“Bloomberg Economics” analitikləri Dina Esfandiari, Bekkaa Vasser və Ziad Daoud bildiriblər ki, Yaxın Şərqdə təxminən üç aydır davam edən münaqişədən sonra Trampın məqsədləri hələ də reallaşmaqdan uzaq görünür. Onların fikrincə, İran qarşıdurmadan “zəifləsə də, daha özünəinamlı” və yeni qlobal təsir rıçaqları ilə çıxır. Analitiklər hesab edirlər ki, tərəflərin mövqeləri hələ də razılaşmadan uzaq olduğu üçün eskalasiya riski qalır və növbəti hərbi əməliyyatların strateji dönüş yaratması çətin görünür.
ABŞ dövlət katibi Marko Rubio mayın 5-də “Epik Qəzəb” əməliyyatının başa çatdığını bildirib. Dövlət Departamentinin rəhbərinin sözlərinə görə, ABŞ bu əməliyyatda “məqsədlərinə nail olub”.
“The New York Times” qəzetinin mayın 15-də yaydığı məlumata görə, ABŞ və İsrail artıq gələn həftə İranla müharibənin yenidən başlanmasına hazırlaşır. Mənbələr qeyd edib ki, hazırlıq tədbirləri tərəflərin aprelin əvvəlində razılaşdığı atəşkəs rejimindən bəri ən genişmiqyaslı addımlar olub.
İran ABŞ-yə razılaşma üçün bir sıra şərtlər irəli sürüb: bütün cəbhələrdə müharibənin dayandırılması, sanksiyaların ləğvi, İran aktivlərinin dondurulmasının aradan qaldırılması, müharibənin vurduğu ziyanın kompensasiyası və İranın Hörmüz boğazı üzərində suverenlik hüququnun tanınması. Tramp bu təklifləri “tamamilə qəbuledilməz” adlandırıb.
Bundan sonra ABŞ Tehrana danışıqların bərpası üçün beş cavab şərti təqdim edib. “Fars News Agency”nin məlumatına görə, tələblər arasında reparasiya ödənişlərindən imtina, İrandan 400 kiloqram uranın çıxarılması, ölkədə yalnız bir nüvə obyektləri kompleksinin fəaliyyətinin saxlanılması, İran aktivlərinin hətta 25%-nin belə azad edilməsindən imtina və bütün cəbhələrdə müharibənin dayandırılmasının danışıqlarla əlaqələndirilməsi yer alıb.






