2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda avtomobil benzini istehsalı 480.7 min ton təşkil edib ki, bu da illik müqayisədə 13.6% artım deməkdir. Dizel yanacağı istehsalı isə 782.9 min tona çataraq ötən ilin eyni dövrü ilə müqayisədə 7.8% artıb.
Eyni dövrdə ağ neft istehsalı 16.2% azalaraq 164.2 min ton, mazut istehsalı isə 67.2% azalaraq 18.1 min ton olub. Maye qazların istehsalı 13.5% azalaraq 62.2 min tona düşüb.
Neft koksu və digər neft qalıqları üzrə istehsal 9.6% artaraq 230.1 min ton təşkil edib. Bunun içində neft koksu istehsalı 27.7% artımla 81.6 min tona yüksəlib, neft bitumu istehsalı isə 18.3% azalaraq 40.2 min ton olub.
Sənaye müəssisələrinin anbarlarında mayın 1-nə olan hazır məhsul ehtiyatları üzrə ən böyük həcm dizel yanacağında qeydə alınıb — 143.8 min ton. Benzin ehtiyatları 61.7 min ton olub.
Bu arada Azərbaycanda Tarif (Qiymət) Şurası tərəfindən benzinin pərakəndə satış qiyməti 2026-cı ilin əvvəlindən litr üçün 1.1 manatdan 1.15 manata, dizel yanacağının qiyməti isə 1 manatdan 1.1 manata qaldırılıb.







