“KredAqro”nun yeni sahibi Azərbaycanda ₼45 mln.-a yaxın pul yönəldərək keçmiş mövqeyini qaytarmaq istəyir

Azərbaycanda mikromaliyyə sektorunda bir vaxtlar iri portdelə sahib olan “KredAqro” BOKT MMC 2025-ci ili 2.23 mln. manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə kəskin dönüş deməkdir. Belə ki, qurum əvvəlki ildə 164 min manat zərər açıqlamışdı.

Banker.az xəbər verir ki, mənfəət dinamikasında əsas rol faiz gəlirlərinin 4.2 dəfə artaraq 7.93 mln. manata yüksəlməsi olub. Eyni zamanda, xalis faiz gəlirləri illik müqayisədə 373.4% artaraq 6.94 mln. manata çatıb. Bununla yanaşı, gözlənilən kredit zərərləri üzrə ehtiyat xərci 19.3 dəfə artaraq 3.46 mln. manat təşkil edib ki, bu da gəlirlərin bir hissəsini kompensasiya edib. İnzibati və əməkhaqqı xərclərində də ciddi artım qeydə alınıb.

Cəmi gəlirlər 4.2 dəfə artaraq 11.7 mln. manata yüksəlib. Eyni dövrdə ümumi qeyri-faiz xərcləri isə 37.9 min manata qədər azalaraq əvvəlki illə müqayisədə 97.4% geriləyib.

2025-ci ilin sonuna “KredAqro”nun cəmi aktivləri 53.17 mln. manata çatıb ki, bu da illik müqayisədə 5.2 dəfə və ya 421.1% artım deməkdir. Aktivlərin əsas hissəsini 37.45 mln. manatlıq müştərilərə verilmiş kreditlər təşkil edib. Kredit portfeli ötən illə müqayisədə 5.7 dəfə və ya 469.2% böyüyüb və aktivlərin 70.4%-ni formalaşdırıb. Pul vəsaitləri və onların ekvivalentləri isə 13.07 mln. manat olub.

Hesabat göstərir ki, kredit portfelindəki sürətli genişlənmə əsasən səhmdar və əlaqəli tərəflərdən daxil olan vəsaitlər hesabına maliyyələşdirilib. BOKT-nin nizamnamə kapitalı 2024-cü ilin sonundakı 1 mln. manatdan 2025-ci ilin sonunda 23.79 mln. manata yüksəlib. Hesabat qeydlərinə əsasən, kapital artımı 30 iyul 2025-ci ildə səhmdar tərəfindən nağd pul şəklində yatırılan 22.79 mln. manat hesabına həyata keçirilib. Bununla yanaşı, əlaqəli tərəflərdən cəlb olunan borclar da 765 min manatdan 21.98 mln. manata yüksələrək illik müqayisədə 28 dəfə artıb.

BOKT əlavə likvidlik yaratmaq üçün bəzi aktivlərini də nağda çevirib. Satılanadək saxlanılan uzunmüddətli aktivlərin həcmi 911.5 min manatdan 147.3 min manata düşüb ki, bu da girov əmlakların realizasiyası nəticəsində təxminən 1 mln. manat vəsaitin dövriyyəyə qaytarıb.

Formalaşdırılan resursların böyük hissəsi yeni kreditlərin verilməsinə yönəldilib. Xalis kredit portfeli il ərzində 30.9 mln. manat artıb. Bununla yanaşı, BOKT kənar maliyyə asılılığını azaltmaq üçün bank və istiqraz öhdəliklərini də bağlayıb. Belə ki, “Paşa Bank” ASC qarşısındakı 3.38 mln. manatlıq borc tam ödənilib, həmçinin 1 mln. manatlıq buraxılmış istiqrazlar geri qaytarılıb. Nəticədə, ilin sonuna BOKT-nin pul vəsaitləri 430 min manatdan 13.07 mln. manata yüksəlib ki, bu da növbəti dövr üçün əlavə kreditləşmə potensialına işarədir.

“KredAqro”nun cəmi öhdəlikləri illik müqayisədə 4.2 dəfə artaraq 24.23 mln. manata yüksəlib. Cəmi kapital isə 6 dəfə artaraq 28.94 mln. manata çatıb. Bölüşdürülməmiş mənfəət 4.47 mln. manat təşkil edib. Hesabatda dividend ödənişi qeyd olunmur.

BOKT-nin işçi heyəti üzrə xərcləri 1.10 mln. manat olub ki, bu da illik müqayisədə 6.8% artım deməkdir.

Xatırladaq ki, “KredAqro” BOKT MMC mikro-maliyyələşdirmə sahəsində fəaliyyət göstərir. BOKT-nin nizamnamə kapitalı 23.79 mln. manatdır. BOKT-nin səhmdarı Nikolay Smirnovdur. Ötən ilə qədər “AqroMost Finans” MMC-idi.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər