“Assist Finance İnvestisiya Şirkəti” ASC 2025-ci ili 300 min manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki illə müqayisədə 57.1% azdır. Vergidən əvvəlki mənfəət isə 57.3% azalaraq 374 min manat təşkil edib.
Banker.az xəbər verir ki, mənfəətdəki azalma əsasən gəlirlərin azalması ilə bağlı olub. Şirkətin əməliyyat gəlirləri illik müqayisədə 53.7% azalaraq 1 mln. manata düşüb. Eyni zamanda əməliyyat xərcləri 24.0% azalaraq 727 min manat olub. İlin sonuna bölüşdürülməmiş mənfəət 952 min manata çatıb ki, bu da 2.1% artım deməkdir. Şirkət 2025-ci ildə 280 min manat, 2024-cü ildə isə 608 min manat dividend ödəyib.
Cəmi gəlirlərin əsas hissəsi investisiya və maliyyə əməliyyatlarından formalaşıb. Faiz gəlirləri 457.7% artaraq 145 min manata yüksəlib, faiz xərcləri isə 88.9% azalaraq 39 min manata enib. İşçi heyəti ilə bağlı xərclər 17.7% artaraq 332 min manat olsa da, komissiya xərcləri 33.9%, digər əməliyyat xərcləri isə 52.8% azalıb.
2025-ci ilin sonuna şirkətin cəmi öhdəlikləri 96.5% azalaraq 268 min manata düşüb. Öhdəliklərin əsas hissəsini müştərilərə ödəniləcək vəsaitlər (122 min manat) və lizinq öhdəlikləri (96 min manat) təşkil edib. Cəmi aktivlər 82.2% azalaraq 1.62 mln. manata, cəmi kapital isə 1.5% artaraq 1.35 mln. manata çatıb.
Xatırladaq ki, “Assist Finance İnvestisiya Şirkəti” 2018-ci ildən fəaliyyət göstərən “BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin hüquqi varisidir. Bu maliyyə qurumunu bir qədər əvvəl bank olmayan kredit təşkilatına (BOKT) çevrilməyə qərar vermiş “Bank BTB” ASC yaradıb, sonradan onu investisiya şirkətinin keçmiş direktoru Ruslan Cəfərova satıb.







