İyunun 4-də qlobal fond bazarlarında ehtiyatlı əhval-ruhiyyə müşahidə olunur. İnvestorlar İran ətrafında gərginliyin artması və Yaxın Şərqdəki qeyri-sabitliyin enerji daşıyıcılarının qiymətlərinə, eləcə də qlobal inflyasiya gözləntilərinə təzyiqi davam etdirə biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən riskli aktivlərdən uzaqlaşırlar.
Neft qiymətləri əvvəlki yüksəlişdən sonra qismən geriləyib. Buna İsrail və Livan arasında atəşkəs barədə xəbərlər təsir göstərib. Bu, tədarüklərlə bağlı vəziyyətin dərhal pisləşəcəyi qorxularını müəyyən qədər azaldıb. Brent markalı neftin qiyməti bir barel üçün 97 dollar ətrafında ticarət olunur. Qızıla isə təhlükəsiz aktivlərə tələbin artması dəstək verir.
ABŞ fond bazarı əvvəlki sessiyanı tarixi maksimumların yenilənməsindən sonra enişlə başa vurub. Dow Jones indeksi 1,2%, S&P 500 0,7%, Nasdaq isə 0,9% geriləyib.
Texnologiya sektorunda satışlar güclənib. İnvestorlar Nvidia, Amazon və Microsoft səhmlərində mənfəəti reallaşdırıblar. Eyni zamanda ABŞ dövlət istiqrazlarının gəlirliliyinin artması və inflyasiya təzyiqləri fonunda Federal Ehtiyat Sisteminin daha sərt mövqe tuta biləcəyi ehtimalı qiymətləndirilib.
Premarket ticarətində Broadcom (-12,5%) və CrowdStrike (-10,3%) səhmləri hesabatlardan sonra güclü təzyiq altındadır. İnvestorlar süni intellekt və kibertəhlükəsizlik seqmentləri üzrə gözləntilərini yenidən nəzərdən keçirirlər. Super Micro Computer (-3,7%), DaVita (-4,5%) və Hilton Worldwide (-3,4%) səhmləri də ucuzlaşıb.
Müdafiə xarakterli və infrastruktur şirkətləri daha yaxşı nəticə göstərib. Atmos Energy (+9,3%), Equinix (+6,7%), Cincinnati Financial (+3,3%), Jack Henry (+3,0%) və Universal Health Services (+2,9%) səhmləri bahalaşıb.
İnvestorların diqqəti bu gün ABŞ-də açıqlanacaq əmək bazarı statistikasına yönəlib. İşsizlik müavinətləri üçün ilkin və davam edən müraciətlər, həmçinin birinci rüb üzrə əmək məhsuldarlığı göstəriciləri cümə günü dərc olunacaq məşğulluq hesabatı öncəsi bazar üçün mühüm siqnallar hesab olunur.
Bakı vaxtı ilə saat 13:30-a olan məlumata görə, ABŞ indeksləri üzrə fyuçerslər əsasən mənfi zonada ticarət olunur. S&P 500 və Nasdaq üzrə fyuçerslər enişin davam edə biləcəyinə işarə edir, Dow Jones isə neytral zonaya daha yaxındır.
Asiya bazarlarında da mənfi dinamika üstünlük təşkil edib. Honkonqun Hang Seng indeksi təxminən 1,6%, Şanxay Kompozit indeksi və CSI 300 isə hər biri təxminən 0,6% geriləyib.
Honkonqda China Hongqiao (-5,2%), SenseTime (-4,6%), Tencent Music (-4,5%), NIO (-3,6%), Longfor Properties (-3,3%) və Li Auto (-3,1%) səhmləri daha çox ucuzlaşıb. J&T Global Express (+3,9%), BeOne Medicines (+1,6%), BYD Electronic (+1,2%) və Tingyi (+1,0%) isə artım nümayiş etdirib.
Avropa bazarları isə daha dayanıqlı görünür. STOXX Europe 600 təxminən 0,3%, DAX 0,3%, Euro Stoxx 50 isə 0,4% yüksəlib.
Remy Cointreau şirkətinin səhmləri rəhbərliyin 2028/29 maliyyə ilinə qədər əməliyyat mənfəətini təxminən 100 milyon avro artırmaq planını açıqlamasından sonra 9% bahalaşıb. Partners Group səhmləri əvvəlki enişdən sonra təxminən 1% bərpa olunub. Universal Music Group isə Pershing Square-in təklifindən imtina etməsi və geri alış proqramı elan etməsindən sonra 6,7% ucuzlaşıb.
Rusiya fond bazarında da mənfi dinamika müşahidə olunur. Moskva Birjası indeksi günorta saatlarına 0,15% azalaraq 2597,5 bəndə, RTS indeksi isə 0,25% geriləyərək 1115,6 bəndə enib.
Neftin ucuzlaşması, ABŞ-nin Rusiyaya qarşı sanksiya təzyiqlərini artırmaq planları və ölkədə inflyasiyanın sürətlənməsi bazara təzyiq göstərən əsas amillər kimi qiymətləndirilir.







