“Troni İnvestisiya Şirkəti” QSC 2025-ci ili 447.95 min manat xalis zərərlə başa vurub. Şirkət 2024-cü ildə 1.07 mln. manat xalis zərər açıqlamışdı. Xalis zərər illik müqayisədə 58.3% azalıb.
Banker.az xəbər verir ki, İnvestisiya Şirkətinin gəlirləri 2025-ci ildə 479.14 min manata çatıb ki, bu da əvvəlki illə müqayisədə 5 268% çoxdur. Gəlirlərin 427.37 min manatı investisiya xidmətlərinin göstərilməsindən, 51.77 min manatı isə dividend gəlirlərindən formalaşıb. Buna baxmayaraq, inzibati xərclər 15.1% artaraq 880.96 min manata yüksəldiyi üçün şirkət zərərdə qalıb. Hesabat dövrünün sonunda bölüşdürülməmiş zərər 1.44 mln. manat təşkil edib.
Şirkətin ümumi gəlirləri 479.14 min manat olmaqla bir il əvvəlki 8.93 min manatla müqayisədə 53 dəfə artıb. Ümumi xərclər isə 927.08 min manat təşkil edib və illik müqayisədə 8.6% azalıb. Xərclərin əsas hissəsini 880.96 min manatlıq ümumi və inzibati xərclər təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 15.1% çoxdur. Digər tərəfdən, digər xərclər 43.35 min manata enərək 85.9% azalıb, maliyyə xərcləri isə 72.2% azalaraq 1.38 min manat olub.
2025-ci ilin sonunda şirkətin cəmi öhdəlikləri 424.54 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 76.9% azalma deməkdir. Öhdəliklərin əsas hissəsini 392.09 min manat məbləğində “Yelo Bank” ASC-dən cəlb edilmiş bank krediti təşkil edib. Bir il əvvəl şirkətin öhdəliklərinin böyük hissəsi 1.82 mln. manat həcmində digər qısamüddətli öhdəliklərdən ibarət idi. Cəmi aktivlər 49.6% azalaraq 938.92 min manata düşüb.
“Troni İnvestisiya Şirkəti” QSC 2021-ci ilin oktyabr ayında təsis edilib və investisiya xidmətlərinin göstərilməsi sahəsində fəaliyyət göstərir. Şirkətin yeganə səhmdarı Səfiyev Səyavuş Kavi oğludur və onun nizamnamə kapitalında payı 100%-dir. 2025-ci ildə şirkətin nizamnamə kapitalı əlavə vəsait qoyuluşu hesabına 936.4 min manat və ya 64% artırılaraq 1.46 mln. manatdan 2.4 mln. manata çatdırılıb.







