İraq və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hörmüz boğazının bağlanması səbəbindən neft ixracı imkanlarının azalmasını kompensasiya etmək üçün neft kəmərlərinin genişləndirilməsi planlarını fəallaşdırırlar. Hər iki ölkə ixrac üçün Fars körfəzinə yüksək dərəcədə bağlıdır.
Ötən həftə İraq Nazirlər Kabineti Kürdüstan–Türkiyə neft kəməri şəbəkəsinin sürətlə inkişaf etdirilməsini təsdiqləyib. Bu layihə gündəlik nəql həcmini hazırkı 220 min bareldən 770 min barelə qədər artırmağa imkan verəcək.
Yeni marşrut Kürdüstan üzərindən Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanına çıxış təmin edəcək. Bu isə neft gəlirlərindən asılı olan İraq iqtisadiyyatına dəstək verməlidir. Dünya Bankının məlumatına görə, 2025-ci ildə neft sektoru ölkənin real ÜDM-nin 53%-ni təşkil edib.
CNBC telekanalının QuantCube Technology şirkətinin məlumatlarına istinadən verdiyi xəbərə görə, İraqın neft ixracı münaqişə başlayandan bəri Hörmüz boğazından asılılıq səbəbindən demək olar ki, dayanıb.
Əbu-Dabi isə ixrac imkanlarını artırmaq və Hörmüz boğazından yan keçmək məqsədilə Fuceyrəyə qədər uzanacaq yeni Qərb–Şərq neft kəmərinin tikintisini sürətləndirir.
2027-ci ildə tamamlanması nəzərdə tutulan layihə Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) ixrac gücünü iki dəfə artıracaq.
Mayın 15-də Əbu-Dabinin vəliəhdi Şeyx Xalid bin Məhəmməd bin Zayed Əl Nəhyan artan qlobal enerji tələbatını qarşılamaq üçün layihənin icrasının sürətləndirilməsinə çağırıb.
BƏƏ hazırda da digər terminallar vasitəsilə neft ixracını davam etdirir və bununla Hörmüz boğazının bağlanmasının təsirlərini qismən azaldır.
Lakin mövcud alternativ marşrutlar da təhlükə altındadır. Aprel ayında İran Səudiyyə Ərəbistanının Şərq–Qərb neft kəmərinə və Fuceyrə limanına hücum edib ki, bu da ixrac əməliyyatlarının pozulmasına səbəb olub.
Beynəlxalq Enerji Agentliyinin qiymətləndirməsinə görə, Səudiyyə Ərəbistanının Şərq–Qərb neft kəməri və BƏƏ-nin Fuceyrə limanına gedən kəmərlərinin ümumi ötürmə qabiliyyəti gündəlik 3,5–5,5 milyon barel təşkil edir. Səudiyyə Ərəbistanı isə bu rəqəmin gündəlik 7 milyon barel olduğunu bildirir.
Buna baxmayaraq, bu həcm müharibədən əvvəl Hörmüz boğazından keçən gündəlik 20 milyon barel neft və neft məhsulları ilə müqayisədə xeyli aşağıdır.
Yeni marşrutların yaradılması böyük investisiyalar, uzun müddət və bir neçə ölkənin ərazisindən keçən kəmərlər üçün beynəlxalq razılaşmalar tələb edir.
Hörmüz boğazından keçən gəmi hərəkəti də əhəmiyyətli dərəcədə azalıb. Lloyd’s List nəşrinin məlumatına görə, may ayında gəmiçilik intensivliyi İranla müharibənin başlanmasından bəri ən aşağı səviyyəyə düşüb.
Fars körfəzində qalan gəmilər İran qüvvələrinin hücumlarına məruz qalmaq və ya İranla əməkdaşlıq etdikləri təqdirdə ABŞ sanksiyalarına məruz qalmaq riski daşıyırlar.







