Təxminən 14 trilyon dollar həcmində aktivləri idarə edən dünyanın ən böyük investisiya şirkəti “BlackRock”, Avropa investorları üçün kosmik şirkətlərin səhmlərinə investisiya edən yeni birja fondunu (ETF) istifadəyə verir. Bu barədə “Bloomberg” və “ETF Express” şirkətin açıqlamasına istinadən məlumat yayıb.
Yeni fond “STOXX Global Space Satellites and Drones” indeksini izləyəcək. Bu indeksə kosmos, peyk və pilotsuz texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlər, o cümlədən “Artemida” proqramının iştirakçıları daxildir. Şirkətlərin seçimi zamanı analitik şirkət FactSet-in gəlirlər və təchizat zəncirləri üzrə məlumatlarından istifadə olunur.
“Bloomberg” qeyd edir ki, “BlackRock”un yeni kosmik ETF-nin əsas fərqləndirici xüsusiyyəti şirkətlərin IPO-dan sonra sürətlə fondun tərkibinə daxil edilməsinə imkan verməsidir. Bu isə yaxın gələcəkdə “SpaceX”in də fondun tərkibinə əlavə oluna biləcəyi anlamına gəlir.
Şirkət bu həftə IPO keçirməyə hazırlaşır və 555,6 milyon səhmi hər biri 135 dollar qiymətinə yerləşdirir. Bu şərtlərlə “SpaceX” 75 milyard dollar vəsait cəlb edəcək ki, bu da tarixdə ən böyük IPO olacaq. Şirkətin bazar dəyərinin təxminən 1,8 trilyon dollara çatacağı və bunun sayəsində dünyanın ən böyük 10 açıq şirkətindən birinə çevriləcəyi gözlənilir.
“SpaceX” səhmlərinin ticarətinə iyunun 12-də “Nasdaq” birjasında başlanacağı gözlənilir.
Şirkət IPO-dan sonra mümkün qədər tez ABŞ-nin əsas fond indekslərinə — “S&P 500” və “Nasdaq 100″ə daxil olmaq istəyirdi. Lakin “Nasdaq” iri emitentlərin sürətlə indeksə daxil edilməsinə imkan verən qaydalar qəbul etsə də, S&P indekslərinin operatoru belə bir addım atmaqdan imtina edib.
“Bloomberg Intelligence”in məlumatına görə, son aylarda investorların kosmik ETF-lərə marağı “SpaceX”in birja debütü gözləntiləri fonunda kəskin artıb. Analitiklərin hesablamalarına əsasən, 2026-cı ilin əvvəlindən bu fondlara 8 milyard dollar vəsait daxil olub. Bu göstərici kosmik ETF-ləri “Bloomberg Intelligence” tərəfindən izlənilən 39 tematik ETF kateqoriyası arasında xalis vəsait axınına görə ikinci yerə çıxarıb.







