Aİ-yə üzv ölkələrin səfirləri Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin müzakirəsinə başlayıblar. Lakin yaxın vaxtlarda praktiki qərarların qəbul ediləcəyi gözlənilmir.
Diplomatın sözlərinə görə, Aİ-nin daimi nümayəndələri bu gün Avropa Komissiyası tərəfindən Rusiya və Belarusa qarşı təklif olunan 21-ci məhdudlaşdırıcı tədbirlər paketini müzakirə etməyə başlayıblar.
Mənbə qeyd edib ki, paketin təsdiqlənməsi üçün Aİ-nin bütün üzv dövlətlərinin yekdil razılığı tələb olunduğundan, müzakirələrin vaxt aparacağı gözlənilir.
Onun sözlərinə görə, Avropa Komissiyası bu sanksiyalar paketinin iyun ayı ərzində təsdiqlənməsinə nail olmağa çalışır.
İyunun 9-da Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Rusiyanın neft ixracı və bank sisteminə yönəlmiş 21-ci sanksiyalar paketini təqdim edib.
Bundan əvvəl Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Kaja Kallas etiraf etmişdi ki, iyunun 15-də keçiriləcək Aİ xarici işlər nazirlərinin görüşündə bu paketin təsdiqlənməsi gözlənilmir. Buna görə də Aİ diplomatik xidməti həmin görüş üçün aralıq sanksiya qərarı hazırlayıb. Qərara əsasən, bir neçə onlarla Rusiya vətəndaşı və şirkətinin qara siyahıya salınması nəzərdə tutulur.
Hazırda Aİ-nin Rusiyaya qarşı sanksiyalar siyahısına Rusiya, Ukrayna, Belarus, Çin, Şimali Koreya, Suriya, İran və digər ölkələrdən 2,7 mindən çox fiziki və hüquqi şəxs daxildir.
Bu sanksiya mexanizmi Aİ tarixində ən genişmiqyaslı məhdudlaşdırıcı tədbirlər rejimi hesab olunur və blokun digər bütün sanksiya rejimlərinin birlikdə həcmindən daha böyükdür.







