OPEC cari ildə qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu aşağı salıb və artımın gündəlik 970 min barel səviyyəsində olacağını gözləyir. Bu barədə təşkilatın iyun hesabatında bildirilir.
Dərc olunan məlumatlara əsasən, 2026-cı il üzrə tələbat artımı proqnozu may ayındakı gözləntilə müqayisədə gündəlik 200 min barel azaldılıb. May hesabatında bu göstərici 1,17 milyon barel idi.
OPEC hesab edir ki, cari ildə qlobal neft tələbatı gündəlik 106,13 milyon barelə çata bilər.
Bununla yanaşı, 2027-ci il üzrə qlobal neft tələbatının artımı proqnozu artırılıb. Təşkilat indi artımın gündəlik 1,73 milyon barel olacağını gözləyir. Əvvəlki proqnoz isə 1,54 milyon barel idi.
Eyni zamanda, gələn il üçün ümumi qlobal neft tələbatı proqnozu əvvəlki hesabatla müqayisədə demək olar ki, dəyişməz qalıb və gündəlik 107,86 milyon barel səviyyəsində saxlanılıb.
Xatırladaq ki, may ayında OPEC cari il üzrə qlobal neft tələbatının artımı proqnozunu gündəlik 200 min barel azaldaraq 1,2 milyon barelə endirmişdi. Təşkilat həmin vaxt 2026-cı ildə dünya üzrə ümumi neft istehlakının gündəlik 106,33 milyon barel olacağını proqnozlaşdırmışdı.
2027-ci il üzrə artım proqnozu isə 160 min barel yüksəldilərək gündəlik 1,5 milyon barelə çatdırılmışdı. OPEC həmin vaxt dünya üzrə neft tələbatının gündəlik 107,87 milyon barelə yüksələcəyini gözləyirdi.







