Avropanın qaz anbarlarında ehtiyatlar 45%-i ötüb

Avropanın yeraltı qaz anbarlarında ehtiyatların səviyyəsi son beş ilin minimumunda qalsa da, 45%-i ötüb. Bildirilir ki, Anbarlarda ümumilikdə 49,2 milyard kubmetr qaz saxlanılır.

İyunun əvvəlindən bəri Avropa anbarlarına vurulan qazın həcmi 5,3 milyard kubmetr olub ki, bu da 2025-ci ilin göstəricisindən 16% azdır. Həmçinin bu temp müşahidələr tarixində həmin tarix üçün orta göstəricidən 4% geri qalır.

Avropa Komissiyasının tələblərinə əsasən, Aİ ölkələri hər il 1 oktyabr–1 dekabr tarixləri arasında qaz anbarlarının ən azı 90% doldurulmasını təmin etməlidirlər. Çətin şərait yarandıqda isə 10%-lik çeviklik mexanizmi tətbiq oluna bilər.

Beləliklə, 2026–2027-ci illərin payız-qış mövsümünə qədər normativ göstəriciyə çatmaq üçün Avropanın qaz anbarlarına ən azı 68 milyard kubmetr həcmində xalis qaz vurulmalıdır. Müqayisə üçün, ötən il bu göstərici təxminən 55 milyard kubmetr olmuşdu.

Yaxın Şərqdəki münaqişənin kəskinləşməsi fonunda mayeləşdirilmiş təbii qaz (LNG) bazarında Asiya ilə rəqabətin güclənməsi səbəbindən bu yay mövsümünün daha yüksək qaz qiymətləri ilə keçəcəyi gözlənilir.

Avropa aprelin əvvəlində 2011-ci ildən bəri müşahidə olunan ikinci ən uzun istilik mövsümünü başa vurub. Mövsüm 173 gün davam edib və yalnız 190 gün sürən 2020–2021-ci illər mövsümündən geri qalıb. Ötən istilik mövsümündə xalis qaz çıxarışı 61 milyard kubmetri ötərək, əvvəlki yay anbarlara vurulan həcmdən 6,5 milyard kubmetr çox olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər