Kapitallaşmaya görə dünyanın ən böyük iki kriptovalyutası — Bitcoin və Ethereum dəyər itirir. Bunu Binance birjasının məlumatları göstərir.
Bakı vaxtı ilə saat 06:21-ə olan məlumata görə, Bitcoin-in qiyməti 2,57% azalaraq 62 977 dollara düşüb. Ethereum isə 2,77% ucuzlaşaraq 1 707 dollar səviyyəsində ticarət olunub.
CoinMarketCap-in 19 iyun tarixli məlumatına əsasən, qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması 2,17 trilyon dollar təşkil edib. Bunun 1,26 trilyon dolları və ya 58,1%-i Bitcoin-in, 205,8 milyard dolları və ya 9,5%-i isə Ethereum-un payına düşür.
Coinglass platformasının məlumatına görə, son 24 saat ərzində dünya üzrə kriptobirjalarda 120 mindən çox treyderin ümumilikdə 468,23 milyon dollar dəyərində mövqeyi ləğv edilib (likvidasiya olunub).
Likvidasiyaların böyük hissəsi Bitcoin üzrə qeydə alınıb. Ümumi məbləğin 376,75 milyon dolları uzun (long), 91,43 milyon dolları isə qısa (short) mövqelərin payına düşüb.
Son sutka ərzində ən böyük likvidasiya əmri Aster kriptobirjasında ETHUSDT cütlüyü üzrə qeydə alınıb. Həmin əmrin həcmi 10,49 milyon dollar təşkil edib.






