Azərbaycanda neft-qaz sektoruna xidmət göstərən özəl şirkət “Petrokem Qrup” MMC-nin nizamnamə kapitalı kəskin şəkildə azaldıldıqdan sona indiyə qədər icra orqanına rəhbərlik edən əsas səhmdarlardan biri vəzifə səlahiyyətini oğluna ötürüb.
Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 13.09 milyon manatdan 4.58 milyon manata endirilib.
Beləliklə, şirkətin nizamnamə kapitalı 8.5 milyon manat və ya təxminən 65% azalıb.
Bununla yanaşı, əvvəllər direktoru Fərhad Əliyev Əhəd oğlu olduğu halda, hazırda bu vəzifəni Əhəd Əliyev Fərhad oğlu icra edir.
Əhəd Əliyev 2014-cü ildə ABŞ-ın Penn State University universitetində menecment, təchizat zənciri və informasiya texnologiyaları üzrə bakalavr təhsili alıb.
Xatırladaq ki, “Petrokem Qrup” 1993-cü ildə yaradılıb, BP-nin Azərbaycanda sürtkü yağları üzrə eksklüziv distribyutorudur. Şirkət “Azəri-Çıraq-Günəşli” (AÇG), “Şahdəniz”, “Bakı-Tbilisi-Ceyhan” (BTC) və “Cənubi Qafqaz” boru kəməri (CQBK) üzrə obyektlərə dəstək üçün inventarın idarə olunması, tələblərin planlaşdırılması və mütəxəssis məsləhətləri verilməsini həyata keçirir. Şirkətin səhmlərinin 35%-i Fərhad Əliyevə məxsusdur. Şirkət səhmlərinin qalan 65% isə şirkətin öz balansındadır.







