Ferrari may ayında futuristik dizayna malik ilk elektromobili Luce-ni təqdim edib. Lakin modelin debütü şirkət üçün heç də uğurlu alınmayıb: avtomobilin dizaynı həm istehlakçılar, həm də Ferrari-nin keçmiş direktoru tərəfindən tənqid olunub, şirkətin səhmləri isə bir gün ərzində 8% ucuzlaşıb. Təqdimatdan bir aydan da az müddət sonra Ferrari marketinq direktorunu işdən çıxarmaq qərarına gəlib.
Şirkət rəsmi olaraq Enriko Qallyeranın işdən çıxarılmasını Luce modelinə qarşı yaranan mənfi reaksiya ilə əlaqələndirmir. Bununla belə, media bu amilin nəzərdən qaçırıla bilməyəcəyini yazır. Qallyera Ferrari-də 16 il çalışıb. İndi isə onun yerini əvvəllər BMW-nin İtaliya bölməsinə rəhbərlik etmiş Massimiliano Di Silvestre tutacaq.
Rəhbərlikdəki dəyişikliklər iyulun 1-dən qüvvəyə minəcək.
“Mən Massimilianonu Ferrari-də salamlamaqdan məmnunam. Onun beynəlxalq təcrübəsi və liderlik keyfiyyətləri şirkətin növbəti inkişaf mərhələsinə mühüm töhfə verəcək”.
— Ferrari-nin baş direktoru Benedetto Vinya






