Çin Yaponiyaya qarşı sanksiyaları genişləndirib

Çin Xalq Respublikasının Ticarət Nazirliyi Yaponiya şirkətlərinə qarşı sanksiyaları genişləndirib. Nazirlik həm Çində, həm də onun hüdudlarından kənarda fəaliyyət göstərən Çin ixracatçılarına Yaponiyadakı 20 quruma, o cümlədən tədqiqat institutları və şirkətlərə ikili təyinatlı məhsulların tədarükünü qadağan edib. Çin rəhbərliyi hesab edir ki, bu tədbirlər milli təhlükəsizliyi gücləndirməli və Yaponiyanın hərbiləşmə imkanlarını məhdudlaşdırmalıdır.

Siyahıya Yaponiyanın Milli Müdafiə Araşdırmaları İnstitutu, həmçinin quru, dəniz və hava sistemləri üzrə tədqiqat institutları daxil edilib. Sanksiyaya məruz qalan şirkətlər arasında “Mitsubishi Electric” və “Mitsubishi Heavy Industries” şirkətlərinin bir neçə bölməsi, həmçinin “Nikko”, “Kowa Kogyo”, “KGM”, “Nippi”, “Fortunio” və “Aoki Seimitsu Kogyo” şirkətləri də yer alıb.

Qərar dərhal qüvvəyə minir və Çin şirkətlərini artıq başlanmış tədarükləri dayandırmağa məcbur edir.

Bundan əlavə, daha 20 yapon şirkəti gücləndirilmiş ixrac nəzarəti siyahısına daxil edilib. Bu şirkətlərə məhsul tədarük etmək üçün Çin ixracatçıları xüsusi icazələr almalı, risklərin qiymətləndirilməsinə dair hesabatlar hazırlamalı və tədarük edilən məhsulların hərbi məqsədlərlə istifadə olunmayacağına dair yazılı təminat təqdim etməlidirlər.

Çinin ilk sanksiya paketi bu ilin fevralında tətbiq edilib. Həmin vaxt məhdudiyyətlər siyahısına 40 yapon tədqiqat institutu və şirkəti daxil edilmişdi. Sanksiyalar iki ölkə arasında Yaponiyanın Tayvan məsələsinə dair mövqeyindən qaynaqlanan gərginlik fonunda tətbiq olunmuşdu.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər